Azərbaycan hokkey klubu Batumidə tarixi matçın iştirakçısı oldu - VİDEO

26 Oktyabr 2026 00:32
96
Azərbaycan hokkey klubu Batumidə tarixi matçın iştirakçısı oldu - VİDEO

Azərbaycanın “Baku Flames” hokkey klubu Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq qarşılaşmada iştirak edib.

İdman.Biz xəbər verir ki, oktyabrın 24-də baş tutan görüşdə Bakı təmsilçisi yerli “Batumi Sharks” komandası ilə üz-üzə gəlib. Batumi şəhərində ilk beynəlxalq hokkey matçı kimi təqdim olunan qarşılaşma meydan sahiblərinin 13:4 hesablı qələbəsi ilə başa çatıb.

“Batumi Ice Arena”da keçirilən oyun “Batumi Cup” çərçivəsində təşkil olunub.

Görüş yerli azarkeşlərin böyük marağına səbəb olub. Tribunaları dolduran tamaşaçıların bir qismi ilk dəfə canlı hokkey matçı izləmək imkanı qazanıb. Böyük hesablı nəticəyə baxmayaraq, qarşılaşma maraqlı idman mübarizəsi şəraitində keçib.

Qeyd edək ki, “Baku Flames” Azərbaycanda fəaliyyət göstərən hokkey klubudur. Komandanın baş məşqçisi Aleksandr Blinovdur. Bakı təmsilçisi məşqlərini Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirir.

Klub beynəlxalq yarışlarda da iştirak edir. “Baku Flames” 2026-cı ildə Bakıda təşkil olunan “Caspian Cup”, həmçinin Özbəkistanda keçirilən “Tashkent Hockey Cup” turnirlərində qüvvəsini sınayıb.

Batumidəki qarşılaşma Azərbaycan klubunun beynəlxalq təcrübəsinin artırılması baxımından növbəti addım olub.

İdman.Biz