Milli Hokkey Liqasında (NHL) “Vaşinqton Kapitals” və “Ottava Senators” komandaları arasında keçirilən oyunda xoşagəlməz hadisə baş verib.
İdman.Biz xəbər verir ki, “Vaşinqton”un müdafiəçisi Ceykob Çikran rəqib komandanın hücumçusu Nik Kazinsə qarşı sərt güc fəndi tətbiq edib.
Buz meydançasının kənarında baş verən toqquşmadan sonra Kazins üzüaşağı yerə yıxılıb. Hokkeyçi yalnız komanda yoldaşlarının köməyi ilə meydanı tərk edə bilib. O, qarşılaşmanın qalan hissəsində iştirak etməyib.
Hakimlər epizodu beş dəqiqəlik cəza ehtimalı baxımından araşdırsalar da, Çikrana qarşı heç bir cəza tətbiq etməyiblər. “Ottava”nın baş məşqçisi Trevis Qrin isə bu qərarla razılaşmayıb.
“Onun vəziyyəti yaxşı deyil. Hesab edirəm ki, bu, zərbəyə hazır olmayan oyunçunun başına endirilmiş zərbə idi”, - deyə mütəxəssis açıqlamasında bildirib.
Qeyd edək ki, görüş “Vaşinqton Kapitals”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qalib komanda əlavə vaxtda fərqlənib.
