İdman Arbitraj Məhkəməsi (CAS) Beynəlxalq Hokkey Federasiyasının (IIHF) Rusiya yığmalarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı qərarını ləğv edib.
İdman.Biz xəbər verir ki, bu barədə Rusiyanın idman naziri və Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyarev özünün “Telegram” kanalında məlumat verib.
Nazirin sözlərinə görə, CAS IIHF Şurasının beş qərarını ləğv edərək Rusiya komandalarının həmin qərarların şamil olunduğu beynəlxalq yarışlarda iştirakına icazə verilməsini tələb edib.
Məhkəmənin qərarına əsasən, IIHF Rusiya komandalarının 2026/2027 mövsümündə müvafiq turnirlərdə iştirakını təmin etməlidir.
Deqtyarev bildirib ki, CAS-ın qərarı yekundur və ondan şikayət verilə bilməz. O, Rusiya komandalarının IIHF-nin himayəsi altında keçirilən yarışlara qayıtması üçün beynəlxalq federasiya ilə birgə mürəkkəb işlərin görüləcəyini qeyd edib.
CAS-ın rəsmi saytında yayımlanan açıqlamada bildirilir ki, məhkəmə IIHF-nin Rusiya yığmalarını yarışlardan kənarlaşdırarkən əsas götürdüyü təhlükəsizliklə bağlı narahatlıqları əsassız hesab edib.
Açıqlamada vurğulanıb ki, hakimlər heyəti yekdilliklə belə nəticəyə gəlib: IIHF-nin qaydalarına əsasən, yalnız əsaslı təhlükəsizlik narahatlıqları müəyyən millətdən olan idmançıların yarışlarda iştirak hüququndan üstün tutula bilər. Buna görə də apellyasiya şikayəti təmin edilib.
IIHF isə CAS-ın Rusiya komandalarının dərhal yarışlara buraxılması ilə bağlı qərarı ilə razılaşmadığını bildirib. Bununla belə, qurum məhkəmənin nüfuzunu tanıdığını və qərara uyğun hərəkət edəcəyini açıqlayıb.
Rusiya yığmalarının iştirak edə biləcəyi yaxın turnirlərdən biri 2026-cı ilin dekabrı – 2027-ci ilin yanvarında Kanadanın Edmonton və Red-Dir şəhərlərində keçiriləcək gənclər arasında dünya çempionatıdır.
Xatırladaq ki, 2022-ci ildə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra IIHF Rusiya yığmasını öz turnirlərindən kənarlaşdırıb. Rusiya Xokkey Federasiyası idmançıların yarışlara buraxılmaması ilə bağlı qərardan CAS-a şikayət etmişdi.
