Kanadalı hokkey bloqeri argentinalılar sayəsində futbolu daha çox sevib - İDMAN.BİZ ABŞ-dən YAZIR - FOTO/VİDEO

9 İyul 2026 16:25
130
Kanadalı hokkey bloqeri argentinalılar sayəsində futbolu daha çox sevib - İDMAN.BİZ ABŞ-dən YAZIR - FOTO/VİDEO

Futbol üzrə dünya çempionatı ənənəvi olaraq təkcə öz millilərinə deyil, uzun illərdir azarkeşlik etdikləri komandalara dəstək vermək üçün gələn idmansevərləri bir araya toplayır. Kanadalı idman bloqeri Robert Qrili əsasən hokkeydən yazır, lakin uşaqlıqdan futbolla da maraqlanır və Lionel Messinin böyük pərəstişkarıdır. Onun 2022-ci ildə Argentinaya etdiyi səfər bu oyuna olan sevgisini daha da gücləndirib. Buna görə də bu il mundiala məhz Argentina millisini dəstəkləmək üçün gəlib.

İdman.Biz-in əməkdaşı hazırda ABŞ-də yaşayan Robert Qrili ilə elə futbol üzrə dünya çempionatının keçirildiyi ölkədə görüşüb. Kanadalı üçün dünya çempionatındakı ilk oyun Dallasda keçirilən Argentina – İordaniya qarşılaşması olub. Qrili yenidən argentinalı azarkeşlərin yaratdığı futbol bayramının atmosferinə qərq olub. O, bu hissləri ilk dəfə məhz 2022-ci ildəki səfəri zamanı yaşayıb. Həmin vaxt kontent yaradıcısı Argentina çempionatının finalını izləyib və orada "Boka Xuniors" növbəti titulunu qazanıb.

“Bu final indiyədək izlədiyim ən inanılmaz oyunlardan biri idi. Buna görə də indi artıq ABŞ-də bu qədər argentinalı azarkeşin arasında olmaq həqiqətən də xüsusi hissdir”, – deyə o bildirib.

Qrili deyir ki, hətta Kanadanın əsas idman növü olan hokkeyin azarkeşləri belə argentinalı fanatlarla müqayisə oluna bilməz.

“Argentinalı azarkeşlər sadəcə fanat kütləsi deyil, onlar ailənin bir hissəsi, ənənə, din kimidirlər. Mən kanadalıyam və uşaqlıqdan ölkənin ən populyar hokkey klubu olan "Monreal Kanadiens"ə azarkeşlik edirəm. Bu komandanı çox sevirəm və hesab edirəm ki, onun dünyadakı ən ehtiraslı azarkeşlərindən biri var. Amma bu belə Argentinada stadiona girib “Boka” azarkeşlərinin necə bayram etdiyini görəndə yaşadığın hisslə müqayisə oluna bilməz”.

Robert Qrili etiraf edir ki, dünya çempionatına gəlmişkən sevimli futbolçusunun son mundialını izləmək imkanını əldən verə bilməzdi. O ümid edir ki, Messi dünya çempionu titulunu bir daha qazana biləcək. Onun proqnozuna görə, finalda Argentina və İspaniya qarşılaşacaq.

Bununla yanaşı, son illərdə Qrilinin daha bir sevimli futbolçusu yaranıb – onun həmyerlisi.

“İndi Kanada millisi xeyli gücləndiyi üçün təbii ki, Alfonso Devisin böyük azarkeşiyəm. Amma mənim üçün Messi yenə də bir nömrə olaraq qalır” – deyə o bildirib.

Kanadalı etiraf edir ki, milli komandasının bu dünya çempionatındakı çıxışı onun üçün böyük qürur mənbəyidir:

“Bu, sadəcə inanılmazdır. Bütün uşaqlığım boyu ya Argentinaya, ya da İngiltərəyə azarkeşlik etmişəm. Çünki mən böyüyəndə Kanada heç vaxt dünya çempionatında oynamamışdı. İndi isə artıq ardıcıl ikinci dəfə mundialdayıq və tariximizdə ilk dəfə 1/8 finala yüksəlmişik. Ölkəmizdə futbolun səviyyəsinin nə qədər artdığını izləmək çox xoşdur”.

Dünya çempionatında iştirak onun üçün həm də ona görə xüsusi hadisədir ki, artıq təxminən 13 ildir idmanı işıqlandırır. Bu müddət ərzində hobbi onun həyatının əsas məşğuliyyətinə çevrilib. İllər ərzində müxtəlif televiziya kanalları ilə əməkdaşlıq edib və çoxsaylı şəxsi layihələr həyata keçirib.

“Yəqin ki, mənə bəxtim gətirib ki, Nyufaundlend adasındanam. Bu işlə məşğul olmaq istəyəndə 15 yaşım var idi və məni dərhal kameranın qarşısına keçirdilər. Bəzən özüm də inana bilmirəm ki, artıq 32 ölkədə olmuşam, böyük şirkətlərlə işləmişəm, Afrika boyunca səyahət etmişəm və dünyanın müxtəlif yerlərindən idman hekayələri danışmışam” – deyə idman bloqeri qeyd edib.

Qürur duyduğu çoxsaylı layihələrə baxmayaraq, onun üçün ən dəyərlilərindən biri ilk videolarından biri olaraq qalır:

“Demək olar ki, 40 ildən sonra ilk dəfə babamı yaşadığımız adadan kənara çıxardım. O, ümumiyyətlə, adanı tərk etməyi sevmirdi. Mən onu həyatında ilk dəfə "Monreal Kanadiens"in oyununa apardım. Video cəmi bir neçə min baxış topladı, amma bu gün də ən sevdiyim videolardan biridir. Məhz o video idmana sevgimin haradan başladığını göstərir – babamın sayəsində”.

O vaxt Robert Qrili heç təsəvvür də etmirdi ki, bir gün bloq onun peşəsinə çevriləcək. Onun fikrincə, hər şeyin bu cür alınmasının əsas səbəbi öz işinə olan səmimi sevgidir.

“Mən sadəcə həmişə sevdiyim işlə məşğul olmuşam. Özümü başqa hansısa peşədə təsəvvür etmək mənim üçün çətindir. Lazım olsa, harada olur-olsun işləyərəm, ikinci, üçüncü iş də götürərəm, təki bu işlə məşğul olmağa davam edim”, – deyə o sözlərini yekunlaşdırıb.

İdman.Biz