Azərbaycan çempionu ölkə kubokunun 1/4 finalında uduzub

Xəbərlər
24 May 2024 11:31
122
Azərbaycan çempionu ölkə kubokunun 1/4 finalında uduzub

Həndbol üzrə XXX Azərbaycan kubokunun 1/4 final mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə “AHF Arena”da öncə “Kür” və “Azəryol” komandaları üz-üzə gəliblər.

Ölkə çempionu ilə bürünc mükafatçının kubokdakı görüşü də gərgin və maraqlı mübarizə vəd edirdi. Oyuna daha yaxşı başlayan “Azəryol” effektli hücumlar sayəsində hesabda irəli çıxmağı bacarıb. Təşəbbüsü əldən verən “Kür”ün tarazlıq yaratmaq istəyi nəticəsiz qalıb. Müdafiədə intizamlı oynayan Vidadi Əliyevin komandası matçın əvvəlində yiyələndiyi üstünlüyü qorumaqla fasiləyə 5 topluq fərqlə yollanıb - 15:10.

İkinci hissəyə kəsərli hücumlarla başlayan Mingəçevir həndbolçuları matçın gedişində fərqi iki topadək endirməyə nail olsalar da, tezliklə toparlanan “Azəryol” yenidən təşəbbüsə yiyələnib və hesabdakı fərq də artan xətt üzrə inkişaf edib. “Kür”ün əzmkarlığı oyunun sonlarında azarkeşlərini bir qədər ümidləndirsə də, intizamı pozulmayan paytaxt təmsilçisi rəqibin fərqi 3 topdan artıq azaltmasına imkan verməyib. Beləliklə, 30:27 hesablı qələbə qazanan “Azəryol” ölkə kubokunun yarımfinalına yüksəlib.

İlk oyun gününün digər görüşündə qadınlardan ibarət “Bakı” və “İdman Akademiyası” komandaları qarşılaşıblar. “Tələbələr”in 32:21 hesabı ilə qalib gəlib.

İdman.biz

Məqalədə: