“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

24 Oktyabr 2026 19:20
114
“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

“Kür” həndbol komandasının kapitanı Ramazan Muradov EHF Avropa Kubokunun ikinci mərhələsində Bosniya və Herseqovinanın “MRK Sloqa Doboy” klubuna qarşı keçirilən oyunları şərh edib. Mingəçevir təmsilçisi rəqibinə iki dəfə məğlub olaraq (26:38, 30:32) turnirdə çıxışını başa vurub.

İdman.Biz-ə açıqlamasında Muradov ikinci görüşdə komandanın oyununu nəzərəçarpacaq dərəcədə yaxşılaşdırdığını vurğulayıb:

“Dünənki matç bizim üçün bu mövsüm ilk oyun idi. Həm müdafiədə, həm də hücumda çoxlu səhvlərə yol verdik, qol vura bilmədik. Bugünkü oyuna qədər səhvlərimizi düzəltdik və hətta qalib də gələ bilərdik, amma müəyyən məqamlarda bəxtimiz gətirmədi. Komandamla fəxr edirəm: bu gün çox yaxşı oynadıq və bizim üçün bu matç qələbə kimidir. Komandaya, məşqçilər korpusuna və idman nazirinə təşəkkürümü bildirmək istəyirəm. İnşallah, növbəti oyunlarda özümüzü daha yaxşı göstərəcək və uğur qazanacağıq”.

Cavab görüşündə 11 qol vuran Muradov “Kür”ün ən məhsuldar oyunçusu olub. O, həmçinin öz çıxışını avrokuboklardakı əvvəlki oyunları ilə müqayisə edib.

“Bütün oyunlarda gücümü yüz faiz ortaya qoymuşam. Bu dəfə əvvəlki oyunlarla müqayisədə daha çox qol vurdum, amma yenə də hesab edirəm ki, daha çox fərqlənə bilərdim. Buna görə bir qədər məyus oldum. Ümid edirəm ki, gələcəkdə daha yaxşı oynayacağam”.

Kapitan komandanın və Azərbaycanda həndbolun gələcəyi barədə də fikirlərini bölüşüb:

“İnşallah, ümid edirik ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yeni federasiya yaradılacaq, liqada oynaya və çıxışımızı davam etdirə biləcəyik. Amma oyunların olub-olmamasından asılı olmayaraq, məşqlərimizi dayandırmırıq”.

Muradov ölkədə həndbolun inkişaf edəcəyinə, gənc idmançıların daha böyük uğurlar qazanacağına ümid etdiyini bildirib:

“İstəyirəm ki, gənc həndbolçular bizdən də yaxşı oynasınlar və bizi özlərinə nümunə götürsünlər. İnşallah, gələcəkdə məhz bu uşaqlar bizim əvəzimizə Azərbaycanı avrokuboklarda təmsil edərlər”.

İdman.Biz