“Kür”ün baş məşqçisi: “Mövsümün sonuna qədər fəaliyyətimizi davam etdirəcəyik, sonrasının necə olacağı isə məlum deyil” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

24 Oktyabr 2026 19:48
115
“Kür”ün baş məşqçisi: “Mövsümün sonuna qədər fəaliyyətimizi davam etdirəcəyik, sonrasının necə olacağı isə məlum deyil” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

“Kür”ün kişilərdən ibarət həndbol komandasının baş məşqçisi Elnur Cahangirov EHF Avropa Kubokunun ikinci mərhələsində Bosniya və Herseqovinanın “MRK Sloqa Doboy” klubuna qarşı keçirilən oyunlar barədə fikirlərini bölüşüb. Mingəçevir təmsilçisi rəqibinə iki dəfə məğlub olaraq (26:38, 30:32) turnirdə çıxışını başa vurub.

“Azarkeşlərə və həndbolsevərlərə bizi dəstəklədiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Məğlubiyyətə baxmayaraq, bugünkü çətin oyunda dünənki qarşılaşma ilə müqayisədə yaxşı nəticə göstərdik. Həndbolda boy böyük əhəmiyyət daşıyır və bu göstəricidə rəqibimizdən geri qalırıq. Amma buna baxmayaraq, istədiyimizə nail olduq, sadəcə, bir qədər təcrübəmiz çatmadı. Söhbət məhz oyun praktikasından gedir. Rəqibdən fərqli olaraq, dünən mövsümdə ilk oyunumuzu keçirdik. Bu gün ikinci matçımıza çıxdıq və təbii ki, bu da nəticəyə təsir göstərir”, - deyə o, İdman.Biz-ə açıqlamasında bildirib.

Cahangirov avrokuboklarda çıxışın başa çatmasını və ölkə çempionatının keçirilməməsini nəzərə alaraq, komandanın gələcəyi barədə də danışıb:

“Hazırda həndbolumuz çox ağır vəziyyətdədir. Ümid edirəm ki, rəhbərliyin dəstəyi ilə klublar yenidən fəaliyyətə başlayacaq, çempionat bərpa olunacaq. Əlbəttə, mövcud vəziyyət bizə də təsir göstərir. Rəqiblərimiz olmadığı üçün hazırda faktiki olaraq oynaya biləcəyimiz komandalar yoxdur. Buna görə çətinlik çəkirik. Azərbaycan həndbolu ağır günlər yaşayır. Ümid edirəm ki, yaxın günlərdə və ya aylarda vəziyyət yaxşılığa doğru dəyişəcək. Hələlik klub olaraq fəaliyyətimizi davam etdiririk və mövsümün sonuna, yəni may ayına qədər işimizi davam etdirəcəyik. Bundan sonra nə olacağı hələ məlum deyil. Ola bilsin ki, turnirlərdə iştirak edək, amma hazırda bununla bağlı dəqiq məlumat verə bilmirəm”.

Baş məşqçinin sözlərinə görə, yaranmış vəziyyət ölkənin bütün həndbol ictimaiyyətinə, o cümlədən gənc idmançılara təsir göstərir.

“Gördünüz ki, hələ oyun başlamazdan əvvəl uşaqlar sıraya düzülmüşdülər. Bu, onların yalnız yarısıdır - sayları təxminən iki dəfə çoxdur. Onların həndbola marağı və bu idman növü ilə məşğul olmaq istəyi var. Ümid edirik ki, uşaqlar arasında çempionatlar da bərpa olunacaq. Federasiya olmadığı müddətdə bütün yaş kateqoriyaları - həm kiçik, həm də böyük yaşlı oyunçular çətinlik çəkirlər. Bu idman növü ilə bağlı olan hər kəs problemlərlə üzləşir. Ümid edirik ki, vəziyyət düzələcək”.

İdman.Biz