“Kür”ün kişilərdən ibarət həndbol komandasının baş məşqçisinin köməkçisi Hacıağa İsmayılov EHF Avropa Kubokunun ikinci mərhələsində Bosniya və Herseqovinanın “MRK Sloqa Doboy” klubuna qarşı keçirilən oyunlar barədə fikirlərini bölüşüb. Mingəçevir təmsilçisi rəqibinə iki dəfə məğlub olaraq (26:38, 30:32) turnirdə çıxışını başa vurub.
İdman.Biz-ə açıqlamasında İsmayılov bildirib ki, komandanın heyəti çox gəncdir:
“Komandamız çox gəncdir. Oyunçular çalışdılar və mübarizə apardılar. Əlbəttə, məqsədimiz qələbə qazanmaq idi. Amma rəqib daha təcrübəlidir və avrokuboklarda daha tez-tez çıxış edir. Bu gün həndbolçularımızın qarşısına sona qədər mübarizə aparmaq məqsədi qoymuşduq. Dünən də bugünkü kimi oynasaydıq, inanın ki, hesab tamamilə başqa olardı. Sadəcə, təkrar edirəm, heyətimizdə çoxlu gənc oyunçu var və onlar üçün bunlar ilk oyunlardır. Həyəcan keçirirdilər, baxmayaraq ki, istəkləri var. Əzmkarlıqlarına görə komandaya təşəkkür edirəm”.
İsmayılov Azərbaycan həndbolundakı böhran fonunda “Kür”ün avrokuboklara hazırlığının çətin şəraitdə keçdiyini də söyləyib:
“Oyun praktikası olmadan çox çətindir. Öz aramızda oynayır, qruplara bölünürdük. Avqustdan fiziki hazırlıq məşqlərinə başladıq, sonra taktiki hazırlığa keçdik. Oyun praktikası olmadan çətin idi. Ümid edirik ki, yeni federasiya yaradılacaq, yeni klublar açılacaq. Bu, bizim üçün çox vacibdir. Dayanmırıq, məşqlərimizi davam etdiririk. İnanırıq ki, çempionat bərpa olunacaq və biz də orada iştirak edəcəyik”.
