Qadın həndbolçulardan ibarət “Kür” komandasının EHF Avropa Kubokunun üçüncü turundakı rəqibi Şimali Makedoniyanın “Çair” klubu dünyanın ən güclü həndbol məktəblərindən birini təmsil edir.
Bu barədə Mingəçevir klubun baş məşqçisi Fuad Yanqildin İdman.Biz-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, rəqibin gücü “Kür”ün oyunçularını qorxutmur, Mingəçevir təmsilçisi qarşısına yüksək məqsədlər qoyub:
“Şimali Makedoniya, ümumiyyətlə, Balkan ölkələri, Rusiya və Skandinaviya həndbol məktəblərilə yanaşı, hər zaman ən güclülərdən hesab olunub. Bu ölkələrin idmançıları dünya arenasında sözlərini deyirlər. Bu matçlar üçün yeni taktika seçəcəyik, çünki hər oyuna fərqli planla hazırlaşırıq. Hazırda komandamızda əhval-ruhiyyə və motivasiya yüksəkdir. Hamı oyunları səbirsizliklə gözləyir, yenidən qələbə qazanmaq istəyir və bunun üçün çalışırıq. EHF Avropa Kubokunda mümkün qədər irəli getməyi hədəfləyirik. İnşallah, hər şey uğurlu alınar”.
Yanqildin hər iki qarşılaşmanın yenidən Mingəçevirdə keçiriləcəyini də qeyd edib.
“Bunun əsas səbəbi Mingəçevir şəhərində və bütövlükdə regionda həndbolun inkişafına töhfə verməkdir. Digər tərəfdən, doğma meydanda azarkeşlərimizin dəstəyi komandaya əlavə motivasiya verir. Belə oyunlarda bütün emosiyalarını sərbəst şəkildə ifadə edə bilirsən”, – deyə baş məşqçi izah edib.
Xatırladaq ki, iki həftə əvvəl Mingəçevir həndbolçuları Kiprin APOEL klubunu iki dəfə məğlub edərək EHF Avropa Kubokunun üçüncü mərhələsinə yüksəliblər. Üçüncü turu çərçivəsində “Kür” və “Çair” komandalar arasında ilk oyun noyabrın 13-də, cavab qarşılaşması isə noyabrın 15-də keçiriləcək.
