Beynəlxalq Həndbol Federasiyasının (IHF) rəhbərliyi üzv federasiyaların nümayəndələri və beynəlxalq komissiyaların təmsilçiləri ilə görüşlər keçirərək inkişaf proqramları, texniki əməkdaşlıq və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov məlumat verib.
O bildirib ki, IHF-in 40-cı Konqresində iştirak Azərbaycan həndbolunun beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Bu platforma vasitəsilə ölkəmizin həndbol sahəsində prioritetlərini beynəlxalq tərəfdaşlara çatdırır, yeni əməkdaşlıq imkanlarını müzakirə edirik. Məqsədimiz Azərbaycan həndbolunun inkişafını sürətləndirmək və beynəlxalq layihələrdə daha fəal iştirak etməkdir. İnanıram ki, Azərbaycan Həndbol Federasiyası beynəlxalq həndbol ailəsində fəal iştirakını davam etdirərək ölkəmizin idman nüfuzunun yüksəldilməsinə öz töhfəsini verəcək”, — deyə O. Abbasov vurğulayıb.
