“Azəryol” klubunun yeni baş məşqçisi: “Gələcək üçün güclü və sabit heyət formalaşdırmağı düşünürük”

Xəbərlər
21 Oktyabr 2025 13:10
29
“Azəryol” klubunun yeni baş məşqçisi: “Gələcək üçün güclü və sabit heyət formalaşdırmağı düşünürük”

“Azəryol” həndbol klubu gələcək illər üçün güclü və sabit heyət formalaşdırmağı düşünür.

Bunu “Report”a açıqlamasında komandanın baş məşqçisi Emin Aydəmirov deyib.

Mütəxəssis təyinatı ilə bağlı danışıb: “Bu işdə mənə güvənən hər kəsə təşəkkürümü bildirirəm. Etimadı doğruldacağımıza inanırıq. “Azəryol”un heyətində ötən illərlə müqayisədə daha gənc oyunçular yer alıb. Biz bu mövsüm də gənclərə üstünlük verərək onların təcrübə qazanması və öz bacarıqlarını təkmilləşdirməsi üçün çalışacağıq. Düşünürəm ki, düzgün və sistemli hazırlıq prosesi bizi istədiyimiz nəticələrə yaxınlaşdıracaq. Əsas məqsədimiz yalnız bu mövsüm üçün uğurlu nəticə əldə etmək deyil, eyni zamanda gələcək illər üçün güclü və sabit heyət formalaşdırmaqdır”.

O, hazırda heyətdə yer alan həndbolçuların potensialına inandıqlarını vurğulayıb: “Hazırkı oyunçuların yüksək potensialları var və bunu maksimum səviyyədə üzə çıxarmaq üçün məşqçi Vadim Skrebtsov ilə birlikdə çalışırıq. Eyni zamanda, biz bu gənclərin tək “Azəryol” klubunda deyil, həm də növbəti illərdə Azərbaycan yığmasında oynamaqlarını istəyirik. Bu, həm klubun, həm də ölkə həndbolunun inkişafı baxımından önəmlidir”.

İdman.Biz