İdman gimnastikası üzrə Azərbaycan çempionatı start götürüb

Xəbərlər
30 Noyabr 2023 12:53
217
İdman gimnastikası üzrə Azərbaycan çempionatı start götürüb

Milli Gimnastika Arenasının köməkçi zalında kişi idman gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, qadın idman gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və paytaxt birinciliyinə start verilib.

İdman.biz xəbər verir ki, yarışda “Ocaq Sport Klubu”, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, “Zirə Mədəniyyət Mərkəzi” və Balakəni təmsil edən 60 idmançı qüvvəsini sınayır.

Kişi gimnastlar kiçiklər (2016-cı il təvəllüdlü), balacalar (2014-2015-ci il təvəllüdlü), uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2010-2011-ci il təvəllüdlü), gənclər (2008-2009-cu il təvəllüdlü, B kateqoriyası; 2006-2007-ci il təvəllüdlü, A kateqoriyası), böyüklər (2005-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş etdirəcəklər.

Qadın gimnastlar isə uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü), gənclər (2008-2010-cu il təvəllüdlü), böyüklər (2007-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə çıxış edəcəklər.

Qaliblər yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük proqramında, eləcə də, kişilər və qadınlar arasında ayrı-ayrı alətlər üzrə (kişilər: sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnik; qadınlar: dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) üzrə müəyyənləşəcəklər.

Qeyd edək ki, yarışa giriş sərbəstdir.

İdman.biz