Azərbaycan gimnastları 2027-ci il iyunun 16-27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək dördüncü Avropa Oyunlarına artıq bir neçə növdə iştirak hüququ əldə ediblər.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, aprelin 8-dən başlanan təsnifat yarışlarında idmançılar müxtəlif beynəlxalq turnirlərdə uğurla çıxış ediblər.
Aprelin 8-12-də Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında Selcan Mahsudova və Maqsud Mahsudov fərdi proqramda, Maqsud Mahsudov və Hüseyn Abbasov isə sinxron proqramda lisenziyaya sahib olublar.
Sentyabrın 11-13-də İspaniyanın Pamplona şəhərində təşkil olunan aerobika gimnastikası üzrə dünya çempionatında isə qarışıq cütlük proqramında mübarizə aparan Mədinə Mustafayeva və Vladimir Dolmatov dördüncü Avropa Oyunlarında iştirak hüququna yiyələniblər.
Qeyd edək ki, 2026-cı ildə keçiriləcək akrobatika gimnastikası və tamblinq üzrə dünya çempionatları, eləcə də 2027-ci ildə baş tutacaq idman gimnastikası və bədii gimnastika üzrə Avropa çempionatları dördüncü Avropa Oyunlarına lisenziya qazandıran təsnifat xarakterli yarışlardır.



