Siyana Bojilova: “Azərbaycanın nəticəsi bütün aerobika dünyası üçün böyük hadisə idi” - MÜSAHİBƏ

Xəbərlər
24 Noyabr 2023 16:24
308
Siyana Bojilova: “Azərbaycanın nəticəsi bütün aerobika dünyası üçün böyük hadisə idi” - MÜSAHİBƏ

Bolqarıstanlı mütəxəssis Siyana Bojilova Bakıda aerobika gimnastikası üzrə 3-cü səviyyəli kurslara başlayıb.

Bu sahədə tanınmışlardan hesab olunan məşqçi İdman.biz-ə müsahibə verib.

- Bakıda təşkil olunan kursda əsas diqqət nəyə yönəlib?

- Əsasən 11-13 yaşlı gənc idmançılarla işləyən məşqçilər üçün kurslarla başladıq. Öz təcrübəm, eləcə də, aerobikadakı müasir tendensiyalar haqqında danışmaq istərdim. Bu, elementlərin mürəkkəbliyinin qiymətləndirilməsidir. Digər gimnastika növləri kimi aerobika da inkişaf etməkdə davam edir. Getdikcə daha intensiv olur və bu, məşqlərin icrasına da aiddir. Buna görə də, kompozisiyaların mürəkkəbliyi getdikcə daha vacib rol oynayır.

- Azərbaycanda aerobikanın hazırkı inkişaf səviyyəsini necə qiymətləndirərdiniz?

- Komanda yüksək nəticələrlə seçilir. Azərbaycan gimnastlarının aerodans yarışlarında iştirak etdiyi, komandanızın Avropa çempionatında qalib gəldiyi, sonra isə dünya çempionatında qızıl medal qazandığı dövrü xatırlayıram. Bu nəticə təkcə Azərbaycan üçün deyil, bütün aerobika dünyası üçün böyük hadisə idi. Komanda yerinə yetirdiyi tapşırıqlarla yadda qaldı. O tapşırıqları ən çox sevdiyim elementlərdən biri kimi qiymətləndirirəm. Mən həmişə Azərbaycan millisini dəstəkləmişəm.

- Ümumiyyətlə, populyarlıq baxımından dünya aerobikasının hazırkı durumu sizi nə dərəcədə qane edir?

- Aerobika inkişaf etməkdə davam edir. Bəzi insanlar bizim nizam-intizamımızın digər növlərə nisbətən daha az populyar olduğunu düşünür. Məncə, aerobika gimnastikanın bütün yaxşı cəhətlərini özündə ehtiva edir. Peşəkar səviyyədə aerobika otuzdan çox ölkədə inkişaf etdirilir. Ümid edirəm ki, bu rəqəm yaxın gələcəkdə ən azı iki dəfə artacaq.

- Əvvəlki illərin aerobikası ilə indiki arasında nə fərq var?

- Son 13 ili Vyetnam milli komandasının baş məşqçisi olmuşam. Beş idmançıdan ibarət komandanı dünya çempionu etdim. Son illərdə mənzərə daha dinamikdir və biz zamanla ayaqlaşmalıyıq. 20 il əvvəl məşğul olduğum aerobika ilə indi gördüyümüz arasında böyük fərq var. O, getdikcə daha maraqlı olur.

- İl başa çatır və artıq bir çox komandalar yeni mövsümün yarışlarına hazırlaşçağa başlayır. Azərbaycanlı həmkarlarla birgə iş, məsələn, gələcəyə nəzər salmaqla təlimlərin keçirilməsi ilə bağlı hər hansı razılaşma varmı?

- Azərbaycan Gimnastika Federasiyası ilə çox isti münasibətlərim var. Bundan əlavə, millinin məşqçisi və dostum Marian Kolev də həmyerlimdir. Aramızda mükəmməl qarşılıqlı anlaşma var və Azərbaycana hər zaman kömək etməyə hazıram.

Zəki Feyzullayev

İdman.biz