Avropa Gimnastikası qitə çempionatının ulduzlarını fərqləndirib

Xəbərlər
13 May 2024 15:46
69
Avropa Gimnastikası qitə çempionatının ulduzlarını fərqləndirib

Avropa Gimnastikası (EG) Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa çempionatında iştirak edəcək aparıcı bədii gimnastları fərqləndirib.

İdman.biz xəbər verir ki, mayın 22-26-da keçiriləcək yarışda 40 ölkədən 302 idmançı iştirak edəcək.

Onlardan 203-ü böyüklər, 99-u yeniyetmələrin yarışına qatılacaq. Yarışda qrup hərəkətləri üzrə 19 komanda da çıxış edəcək.

Qurumun mətbuat xidməti çempionatdakı rəqabətə də toxunub: “Bolqar superulduz Boryana Kaleyn çoxnövçülükdə öz titulunu qorumağa çalışacaq. O, hazırkı dünya çempionu almaniyalı Darya Varfolomeyev, sabiq dünya çempionu italiyalı Sofiya Raffaeli, 2022-ci ilin Avropa çempionu israilli Darya Atamanov, Ukraynanın aparıcı gimnastı Viktoriya Onopriyenko, bolqar ulduz Stiliana Nikolovanın sərt rəqabəti ilə üzləşəcək. Bu siyahını uzatmaq da olar. Yarışın ev sahibi olacaq Macarıstanı Fanni Piqnitski və Hanna Visner təmsil edəcək. Qrup yarışlarında bizi 19 komandanın - Azərbaycan, Bolqarıstan, İspaniya, Finlandiya, Fransa, Böyük Britaniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Türkiyə və Ukraynanın möhtəşəm döyüşü gözləyir”.

Azərbaycan millisinin heyətində fərdi yarışlarda Zöhrə Ağamirova, Kamilə Seyidzadə və Alina Məmmədova yer alıb. Qrup hərəkətlərində Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Darya Sorokinadan ibarət komandamız çıxış edəcək. Yeniyetmələrin yarışına Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı sifariş olunublar.

Nicat Zəkiyev
İdman.biz

Məqalədə: