ABŞ-li gimnastika məşqçisi Şon Qardner yetkinlik yaşına çatmayan şagirdlərini gizli kameraya çəkdiyinə görə 90 il müddətinə azadlıqdan məhrum edilib.
İdman.Biz “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Missisipi ştatında keçirilən məhkəmədə 39 yaşlı mütəxəssisə maksimum cəza təyin olunub.
Araşdırma zamanı müəyyən edilib ki, Qardner 2017-ci ilin dekabrından 2018-ci ilin aprelinədək Missisipi ştatının Pervis şəhərində yerləşən gimnastika studiyasının tualetinə gizli kamera quraşdırıb. Həmin müddətdə ən azı on azyaşlı qızın şəxsi toxunulmazlığını pozan görüntülər qeydə alınıb.
Videomateriallar bir neçə il sonra məşqçinin kompüterlərində aşkarlanıb. Həmin vaxt hüquq-mühafizə orqanları onun Ayova ştatında gimnastlara qarşı cinsi zorakılıq törətməsi ilə bağlı iddiaları araşdırırdı.
Federal hakim Kristi Conson Qardnerin təqsirini etiraf etdiyi üç ittihamın hər biri üzrə 30 il həbs cəzası təyin edib. Beləliklə, məşqçinin ümumi cəzası 90 il olub.
Məlumata görə, Qardnerin davranışı ilə bağlı şikayətlər hələ 2017-ci ildə ABŞ Gimnastika Federasiyasına və idmanda təhlükəsizliyə nəzarət edən qurumlara çatdırılıb. Lakin mütəxəssis 2022-ci ilə qədər məşqçilik fəaliyyətini davam etdirib.
Həmin il gimnastlardan birinin cinsi zorakılıqla bağlı şikayətindən sonra Qardner əvvəlcə müvəqqəti olaraq idmandan uzaqlaşdırılıb, daha sonra çalışdığı gimnastika mərkəzindən qovulub.
Qeyd edək ki, məşqçi 2025-ci ilin avqustunda Federal Təhqiqatlar Bürosu (FBI) tərəfindən həbs edilib. Onun barəsində digər iddialarla bağlı mülki məhkəmə prosesləri də davam edir.
