Britaniyada iki qızıl medal qazanan gimnast: “Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu”

6 Oktyabr 2026 12:33
109
Britaniyada iki qızıl medal qazanan gimnast: “Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu”

Tamblinq üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyev Böyük Britaniyadakı uğurlu çıxışını şərh edib.

Gimnast yarışın onun üçün uğurlu keçdiyini bildirib.

“Təsnifat mərhələsindən finalın sonuna qədər liderliyimi qoruya bildim. Yarışın təşkilatçılığı yüksək səviyyədə idi. Məhz bu səbəbdən dünya çempionatından əvvəl yoxlama yarışı kimi İngiltərədə keçirilən turnirdə iştirak etməyi seçdik”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Öz çıxışını dəyərləndirən idmançı azarkeş dəstəyini də xüsusi vurğulayıb:

“Ümumilikdə, performansımdan razı qaldım. İngilis tamaşaçıların göstərdiyi böyük diqqət və dəstək isə məni xüsusilə xoşbəxt etdi”.

Qeyd edək ki, Tofiq Əliyev Böyük Britaniyada keçirilən yarışlarda uğurla çıxış edərək iki qızıl medal qazanıb. Təmsilçimiz əvvəlcə Milli Yaş Qrupları finalında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Daha sonra Böyük Britaniya çempionatında iştirak edən gimnastımız final mərhələsində 29.100 xal toplayaraq növbəti qızıl medala sahib olub.

İdman.Biz