“Doğma divarlar arasında çıxış etmək mənə əlavə motivasiya verir”.
Bu sözləri Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində bürünc medal qazanan Azərbaycanın idman gimnastı Leyla Məmmədzadə deyib.
Çoxnövçülük proqramında və yığmanın tərkibində komanda hesabında üçüncü yeri tutan gimnast çıxışından tam razı qalmadığını söyləyib.
“Daha yaxşı çıxış edə bilərdim. Məşqlər zamanı üzərində çalışdığım bəzi texniki elementlərdə kiçik səhvlərim oldu. Rəqiblərim güclü idilər. Buna baxmayaraq, qazandığım nəticəni pis hesab etmirəm. Amma məqsədim qızıl medal qazanmaq idi. Düşünürəm ki, turnir mənim üçün yaxşı təcrübə oldu. Qarşıdakı yarışlarda səhvlərimi aradan qaldırmağa çalışacağam”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, 5 ölkədən 50-yə yaxın gimnastın iştirak etdiyi turnirə mayın 16-da yekun vurulacaq.
