“Bakı tamaşaçıları qarşısında xalçaya çıxmaq xoş idi” – Darya Varfolomeyevanın İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

20 Aprel 2026 17:25
171
“Bakı tamaşaçıları qarşısında xalçaya çıxmaq xoş idi” – Darya Varfolomeyevanın İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Bədii gimnastika üzrə Olimpiya çempionu Darya Varfolomeyeva Bakıda keçirilən Bədii gimnastika üzrə Dünya Kubokunda üç qızıl və bir gümüş medal qazanıb. Almaniyalı idmançı top, gürzlər və lentlə hərəkətlərdə qalib olub, çoxnövçülükdə isə ikinci yeri tutub.

Varfolomeyeva Azərbaycan paytaxtına növbəti səfəri ilə bağlı təəssüratlarını və gələcək planlarını İdman.Biz ilə bölüşüb.

- Turnir sizin üçün həqiqətən çox uğurlu alındı. Maksimum nəticəyə köklənmişdiniz?

- Bakıya yenidən gəlməyimə şadam. Tamaşaçılar qarşısında mövsüm ərzində daha da təkmilləşdirəcəyim proqramları nümayiş etdirdim. Başa düşürəm ki, üzərində işləməli olduğum məqamlar var və harada artırmalı olduğumu bilirəm. Növbəti yarışlarda kompozisiyaları daha da cilalayacağam.

- Bakı səfəri üçün ilkin məqsədiniz nə idi?

- Mən daha çox medallar haqqında yox, çıxışımın həm məşqçimin, həm də mənim özümün xoşuna gəlməsi barədə düşünürdüm. Əsas məqsəd hazırkı səviyyəmizi görmək idi. Düşünürəm ki, ümumi mənzərə artıq aydındır.

- Nəticədən razı qaldınız?

- Bəli, hər şey normaldır. Bakı tamaşaçıları qarşısında xalçaya çıxmaq, yenidən Milli Gimnastika Arenasını görmək çox xoş idi. Burada öz ustalığını nümayiş etdirmək böyük zövq verir.

- Sevdiyiniz alət barədə sual gimnastlara tez-tez verilir. Siz necə cavab verərdiniz?

- Hər çıxışda maraqlı nəsə göstərməyə çalışıram və bütün proqramları sevirəm. Hər kompozisiya özünəməxsusdur, buna görə birini xüsusi ayıra bilmərəm.

- Gələn həftənin sonunda Bakıda Avropa Kuboku keçiriləcək. Orada iştirak edəcəksiniz?

- Təəssüf ki, bu turniri buraxacağam. Dünya Kuboku mərhələlərindən sonra diqqətimi mayın sonunda Varnada keçiriləcək Bədii gimnastika üzrə Avropa çempionatına hazırlığa yönəldəcəyəm.

- Son illərdə bədii gimnastikada rəqabətin artdığını düşünürsünüz?

- Şübhəsiz, hər turnir gərgin mübarizə şəraitində keçir. Qalib gəlmək asan deyil, amma ilk növbədə proqramları təmiz yerinə yetirmək vacibdir. Startdan starta inkişaf etmək, stabillik üzərində işləmək lazımdır. Əlbəttə, rəqabət həmişə kömək edir – sən daha yaxşı olmaq üçün çalışırsan.

İdman.Biz