“Azərbaycanda batut gimnastikasına münasibət dəyişib” – Vladimir Şulikinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ - FOTO/VİDEO

16 Aprel 2026 17:16
186
“Azərbaycanda batut gimnastikasına münasibət dəyişib” – Vladimir Şulikinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ - FOTO/VİDEO

Azərbaycanda batut gimnastikası artıq 12 ildir inkişaf edir. Bu idman növünü ölkədə populyarlaşdırmaq məqsədilə 2014-cü ildə Bakıya belaruslu mütəxəssis Vladimir Şulikin dəvət olunub. Sıfırdan sistem qurmağa başlayan milli komandanın baş məşqçisi yetirməsi Selcan Mahsudova ilə birlikdə 2024-cü il Olimpiya Oyunlarına qədər irəliləyib – bu, Azərbaycanın bu növdə ilk belə nailiyyəti olub.

Bu yaxınlarda Azərbaycan batutçuları Portuqaliyada keçirilən Avropa çempionatında çıxış ediblər. Medal qazanılmasa da, idmançılar 2027-ci il Avropa Oyunlarına üç lisenziya əldə ediblər.

Bu və ölkədə bu idman növünün inkişafı ilə bağlı İdman.Biz Vladimir Şulikinlə söhbətləşib.

- Azərbaycan batutçularının Avropa çempionatındakı çıxışını necə qiymətləndirirsiniz?

- Çıxışı kifayət qədər yaxşı səviyyədə qiymətləndirirəm. Təmblinq üzrə çıxış edən idmançılarımız adına çox sevindim – iki gümüş medal qazandılar. Bu, əla nəticədir. Onlar həmişə yüksək səviyyədə olublar və qalmaqdadırlar.

Batutçular isə təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədilər. Bu, idmandır – belə hallar olur. Halbuki dörd böyüklər və beş yeniyetmə finalımız var idi. Finala çıxmaq faktının özü böyük nailiyyətdir. Bu, Azərbaycanın liderlər sırasında olduğunu və ölkədə bu idman növünün inkişaf etdiyini göstərir.

Səlcan üçün də çox sevindim. Dördüncü yer layiqli nəticədir. Bu, çox güclü rəqiblərlə ciddi mübarizə şəraitində qazanılıb. O, çətin proqram yerinə yetirdi və yenidən sübut etdi ki, elit səviyyədədir. Bunu Olimpiya Oyunlarını nəzərə alaraq deyirəm.

Maqsud Mahsudov böyük irəliləyiş əldə etdi. Bu, onun üçün ilk böyüklər arasında Avropa çempionatı idi və fərdi olimpiya növündə altıncı yeri tutdu. O da çətin proqramla çıxış etdi. Biz bu proqramı saxlayıb çıxış etməsinə qərar verdik, baxmayaraq ki, o, əvvəllər bunu etməmişdi və hazırlaşmamışdı. Buna baxmayaraq, liderlərlə rəqabət apara biləcəyini göstərdi.

Müəyyən düzəlişlər edəcəyik, nəticələr çıxaracağıq və irəliləyəcəyik. Bunu məğlubiyyət hesab etmirəm – idmanda həm yüksəliş, həm də eniş olur. Qarşıda Dünya Kuboku mərhələləri və Çində keçiriləcək dünya çempionatı var. Düşünürəm ki, orada layiqli çıxış etməliyik.

- Avropa Çempionatında yeniyetmələrdən sizi təəccübləndirən oldumu?

- Əlbəttə, Ammar Baxşəliyev. O, iştirak etdiyi bütün növlərdə - batut, ikiqat mini-batut, sinxron və komanda yarışlarında finallara yüksəldi. Beş final çox ciddi nəticədir. Ola bilsin ki, özü də belə nəticə gözləmədiyi üçün bir qədər çətinlik çəkdi. Düzünü desəm, biz də bunu gözləmirdik.

…Yeniyetmələr arasında sinxron çıxışlarda medalı əldən verməyimiz təəssüf doğurur - bu, demək olar ki, yüzfaizlik medal idi. Eyni hal böyüklərdə də Abbasov və Mahsudov üçün yaşandı. Amma ümumilikdə uşaqlar yaxşı çıxış etdilər, hamısı öz üzərinə düşəni etdi.

- İlk dəfə Avropa çempionatında U-21 kateqoriyası tətbiq olundu…

- Hələ bu kateqoriya ilə bağlı qəti fikrim formalaşmayıb, nəticələri təhlil etmək lazımdır. Bizdən üç idmançı çıxış etdi - iki oğlan və bir qız. Sinxron çıxışda finala yüksəldik, amma fərdi proqramlarda alınmadı.

Fikrim hələlik ikilidir. Yəqin ki, bu kateqoriya hələ böyüklər səviyyəsinə tam çıxmayan idmançılar üçün faydalıdır. Bu, onlara idmanı tərk etməmək və əsas millini sığortalamaq imkanı verir. Gələcəkdə necə olacağını və Avropa Gimnastikasının texniki komitəsinin hansı qərar verəcəyini görəcəyik.

- Bir az da sizin haqqınızda və Azərbaycanda batut gimnastikasının necə inkişaf etməyə başlamasından danışaq. Siz bu idmana Çeçenistanda başlamısınız, deyilmi?

- Bəli. Mən Qroznıda anadan olmuşam. Ailəmiz orada bir neçə nəsil yaşayıb. Atam baş məşqçi idi və Çeçen-İnquş MSSR-də batut gimnastikasını inkişaf etdirirdi. Sonra SSRİ dağıldı, Birinci Çeçen müharibəsi başladı və biz köçməyə məcbur olduq. Demək olar ki, qaçqın olduq. Atama Rusiyanın müxtəlif şəhərlərindən təkliflər gəlirdi, amma sonda Belarusa köçdük. Vətəni itirmək həmişə ağırdır. O vaxt mənim 13-14 yaşım var idi və bu, ciddi stress idi. Ona görə də indi başqa ölkələrdə baş verən hadisələrə baxmaq xüsusilə çətindir – uşaqlara yazığım gəlir.

- O vaxtdan bəri Çeçenistanda olmusunuz?

- Yalnız tranzit olaraq. İndi orada sakitlikdir, amma hələ gedə bilmirəm… Bəlkə sonra gedərəm. Respublika çox dəyişib. Eyni zamanda Belarus və Azərbaycan da mənim üçün doğma olub.

- İdmançıdan məşqçiliyə keçid yolunuz necə olub?

- Uşaqlıqda batutla məşğul olmaq istəmirdim – atam bir növ məcbur edirdi. Sonradan bu idmanı sevdiyimi anladım və Belarusa köçdük. Orada səviyyə daha yüksək idi və bəlkə də bir qədər çəkinərək davam etmədim.

Ağır atletika ilə məşğul oldum - 16-17 yaşım var idi, arıq idim, güclənmək istəyirdim. Bu sahədə müəyyən uğurlar qazandım. Batutda isə idman ustalığına namizəd səviyyəsinə qədər yüksəldim.

Məşqçi olmağı planlaşdırmırdım. Amma anam istəyirdi ki, Vitebskdə pedaqoji universitetin bədən tərbiyəsi və idman fakültəsinə daxil olum. Təhsil aldığım dövrdə atam mənə məşqçi olmağı təklif etmirdi, amma anam onu razı saldı: “Qoy sınasın”.

Batut mənə daha yaxın olduğu üçün bu istiqamətdə məşqçi oldum. İlk qrupumu topladım və tədricən uğurlar qazandım. “Vitebsk vilayətinin ilin insanı” seçildim, yetirmələrim dünya və Avropa çempionatlarının mükafatçıları oldular. İki dəfə prezident idman klubunun təqaüdünü aldım. Məni Aleksandr Lukaşenkonun oğlu şəxsən təbrik etmişdi.

- Məşqçiliyə başlayanda atanızın münasibəti necə idi?

- Mənə ehtiyatla yanaşırdı. Düşünürdü ki, gəncəm və sadəcə pul qazanmaq istəyirəm. Amma bir neçə ildən sonra mənim əzmkarlığımı gördü, yetirmələrim nəticə göstərməyə başladı. Onda mənə fəal şəkildə kömək etməyə başladı.

İlk ildə özüm də bu işə çox ciddi yanaşmırdım. Sonra həyat yoldaşımla tanış oldum, evləndik. Onun maaşı məndən yüksək idi və bu, məni çox motivasiya etdi. Kişi ailədə qazanan olmalıdır. Özümü sübut etmək istədim və qarşıma məqsəd qoydum.

- Atanız nə vaxtsa sizinlə fəxr etdiyini deyib?

- Bəli, əlbəttə. Bəlkə də bunu dərhal göstərmirdi. Məşqçiliklə bağlı çox mübahisələrimiz olurdu. Gənc idim, emosional idim, daha çox bildiyimi düşünürdüm. Zamanla baxışlarım dəyişdi. Özümü böyük məşqçi hesab etmirəm – daim öyrənirəm. Hələ də atamdan məsləhət alıram.

- Onun sizə verdiyi ən əsas dərs nə olub?

- Məqsəd qoymaq və ona doğru getmək. Və əlbəttə, insanlara və işinə qarşı dürüstlük. Bu, onun verdiyi tərbiyədir.

- Atanız Vasili Şulikin Belarus millisinin baş məşqçisidir. Yarışlarda tez-tez görüşürsünüz və müəyyən mənada rəqib olursunuz…

- Yaxın insanla görüşmək həmişə xoşdur (gülür), xüsusilə də məsafə olanda. Yarışlar tez-tez keçirilir, bu baxımdan şanslıyıq. Bir-birimizin və idmançılarımızın uğurlarına səmimi sevinirik. Mənim üçün yalnız sağlam idman rəqabəti var.

- Azərbaycana necə gəldiniz?

- Azərbaycanda batut gimnastikasını inkişaf etdirmək istəyirdilər və məni dəvət etdilər. Bəziləri elə bilirdi ki, atam gələcək, sadəcə Şulikin soyadını bilirdilər (gülür). Amma gələn mən oldum.

Xaricdə işləmək həmişə istəyim olub. ABŞ, Polşa, Qətərdən təkliflər var idi. Ailəm əvvəlcə qarşı idi, amma sonra başa düşdülər ki, qərarım qətidir.

Əvvəlcə arenanın tikintisinə baxmaq üçün gəldim. Şərait, yanaşma və federasiya mənə çox təsir etdi və tez bir zamanda işə başladım. O vaxt federasiyanın baş katibi olan, hazırda isə idman naziri olan Fərid Qayıbovla ünsiyyət də böyük rol oynadı. Mənə göstərilən etimada görə minnətdaram. Həmçinin federasiyanın prezidenti Mehriban xanım Əliyevanın dəstəyini xüsusi qeyd etmək istəyirəm.

- Sıfırdan sistem qurmaq çətin deyildi?

- Əlbəttə, çətin idi. Nə məşqçi var idi, nə idmançı. Cəmi iki batutla başladıq. Amma güclü motivasiya var idi.

- Uşaqları bu idmana cəlb etmək çətin idi?

- Əvvəlcə legionerlər dəvət etdik, paralel olaraq yerli uşaqlarla işlədik. Tədricən öz idmançılarımız formalaşdı. 2019-cu ildə legionerlərlə yolları ayırdıq.

İndi vəziyyət daha yaxşıdır. Əvvəllər gimnastika daha çox bədii gimnastika ilə əlaqələndirilirdi. Amma artıq insanlar batutun da olimpiya növü olduğunu bilir və münasibət dəyişib.

- Selcanın Olimpiya lisenziyası ən böyük nailiyyətdirmi?

- Şübhəsiz. Bu, idmançı və məşqçi üçün ən yüksək hədəfdir. Batutda seçim çox sərtdir – cəmi 16 iştirakçı olur. Oraya düşmək artıq böyük uğurdur. Olimpiadada istədiyimiz nəticəni əldə etmədik, amma bu, təcrübədir. Los-Anceles-2028 üçün böyük motivasiyamız var.

Səlcan artıq komandanın kapitanıdır və lideridir.

- Gələcək üçün potensial necədir?

- Güclü yeniyetmələrimiz var. Amma böyüklər səviyyəsinə keçid çox çətindir. Kim uğur qazanacaq, bunu zaman göstərəcək.

- Məşqçi problemi varmı?

- Kadr azdır, amma səviyyə yaxşıdır. Gələcəkdə idmançılarımızın məşqçi olacağını gözləyirik. Artıq idman akademiyasında bu ixtisas üzrə bölmə də açılıb.

- İkili mini-batut nə vaxtdan inkişaf edir?

- Təxminən 3-4 ildir. Bu, idmançılara alternativ istiqamət verir və gələcək məşqçi potensialını artırır.

- Bir neçə növdə eyni vaxtda uğurla çıxış edən idmançılar çoxdurmu?

- Var, amma çox deyil. Mini-batutda texnika bir qədər fərqlidir, hündürlük də az olur. Bizdə 10 element yerinə yetirmək lazımdır, mini-batutda isə cəmi iki. Məsələn, ABŞ-dan Ruben Padilya var – o, üç növdə çıxış edir: batut, ikili mini-batut və təmblinq, həm də yüksək səviyyə göstərir. Amma bu daha çox istisnadır – belə idmançılar unikaldır.

Bizdə də həm orada, həm burada çıxış etmək istəyən bir idmançı var – Selcanın qardaşı Maqsud. Amma hələlik buna icazə vermirəm: o, gəncdir, hər şeyi eyni anda sınamaq istəyir və bu, bir qədər ona mane olur. Onun qarşısında indi başqa məqsədlər dayanır – Olimpiadaya vəsiqə qazanmaq. Əgər bacı-qardaş hər ikisi ora vəsiqə qazansa, bu, inanılmaz uğur olar. Onlar artıq dünyada tanınırlar, qarışıq sinxron proqramda çıxış edirlər, dünya çempionatının mükafatçıları olublar. Bir-birlərini motivasiya edirlər. Onları tanıyırlar, onlar haqqında danışırlar.

- Sonda ailənizin Azərbaycandakı həyata alışıb-alışmadığını deyərdiniz?

- Bizim tarixçəmiz belədir. Mən 2014-cü ildə gələndə ilk il yarım tək yaşamışam, sonra ailəmi gətirdim – üç övladım var. Onlar burada bir neçə il yaşadılar, amma böyük qızımın səhhətində yaranan problemlərə görə Belarusa qayıtmalı oldular.

Bir müddət iki ölkə arasında yaşadıq: ya onlar yanıma gəlirdi, ya mən onların yanına gedirdim. Bu, çətin idi. Bir vaxt anladıq ki, ailə birlikdə olmalıdır. Bir neçə il əvvəl onlar tamamilə Azərbaycana qayıtdılar. İlk il uyğunlaşmaq bir qədər çətin oldu, amma hər şey tezliklə qaydasına düşdü.

Şükürlər olsun ki, böyük qızımın vəziyyəti indi yaxşıdır. Oğlum Bakı Slavyan Universitetinin ikinci kursunda tərcüməçi ixtisası üzrə təhsil alır. Qızım isə həmin universitetin birinci kursunda psixologiya üzrə oxuyur. Həyat yoldaşım da orada azərbaycanlı tələbələrə belarus dili tədris edir.

Federasiya bizə çox kömək edib. Ən vacibi isə odur ki, biz hamımız birlikdəyik. Federasiyaya və cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Batut gimnastikasının inkişafına verdiyim töhfəyə görə mənə mənzil təqdim olunub. Hazırda orada təmir işləri aparırıq və tezliklə öz evimizə köçəcəyik. Bu, çox önəmlidir. Ölkənin idmana və onun inkişafına həqiqətən töhfə verən mütəxəssislərə münasibəti çox yaxşıdır.

İdman.Biz