Azərbaycan gimnastı: “Avropanın ən güclüləri arasında ilk “dördlük”də yer almaq yaxşı göstəricidir”

14 Aprel 2026 17:50
212
Azərbaycan gimnastı: “Avropanın ən güclüləri arasında ilk “dördlük”də yer almaq yaxşı göstəricidir”

“Böyüklərdən ibarət yığmamız ümumilikdə dörd finalda mübarizə apardı. Bunun olduqca yaxşı nəticə olduğunu düşünürəm”.

Bu sözləri batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatındakı çıxışı barədə danışarkən deyib.

Fərdi performansından da bəhs edən idmançı nəticəsindən narazı qalmadığını söyləyib.

“Fərdi proqramda dördüncü yeri tutdum. Əlbəttə, medal qazanmaq hər bir idmançının məqsədidir, lakin nəticəmə görə heyifsilənmirəm. Çünki rəqiblərim Avropanın ən güclü gimnastları idi və belə rəqabət şəraitində ilk “dördlük”də yer almaq yaxşı göstəricidir”, - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.

Gimnast bu çempionatın onun üçün xüsusi əhəmiyyət daşıdığını söyləyib: “Qardaşım Maqsudla birlikdə final mərhələsində çıxış etdik. Bacı-qardaş olaraq eyni turnirdə, xüsusilə də həlledici mərhələdə çiyin-çiyinə yarışmaq bizim üçün fərqli və yaddaqalan təcrübə oldu. Bir-birimizi dəstəkləməyimiz çıxışımıza da müsbət təsir göstərdi”.

Xatırladaq ki, Azərbaycan gimnastları batut və tamblinq üzrə Avropa çempionatını iki gümüş medalla başa vurublar.

İdman.Biz