Milli Gimnastika Arenası 17-19 aprel tarixlərində bədii gimnastika üzrə Dünya kubokuna ev sahibliyi edib. Turnirdə 42 ölkədən 150-dən çox idmançı fərdi və qrup hərəkətləri proqramında öz bacarıqlarını nümayiş etdiriblər.
İdman.Biz xəbər verir ki, üç gün davam edən yarışın ilk iki günü təsnifat mərhələsinə, sonuncu günü isə həyəcanlı finallara həsr olunub. Təsnifat mərhələsində fərdi gimnastlar halqa, top, gürzlər və lent alətləri ilə çıxış edərək bacarıqlarını nümayiş etdiriblər.
Çoxnövçülük üzrə nəticələrə əsasən, Ukraynanı təmsil edən Taisia Onofriçuk birinci yerə layiq görülü.b İkinci yeri Almaniya gimnastı Darja Varfolomeev, üçüncü yeri isə Bolqarıstan təmsilçisi Stiliana Nikolova tutub.
Qrup hərəkətləri proqramında gimnastlar üç halqa və iki cüt gürz ilə çıxış edərək yüksək peşəkarlıq sərgiləyiblər. Çoxnövçülük üzrə qalib İsrail komandası olub. İspaniya ikinci, AIN 2 komandası isə üçüncü pillədə qərarlaşıb.
Final mərhələsində isə mübarizə daha da gərgin keçib. Halqa proqramında qızıl medalı Taisia Onofriçuk qazanıb, Stiliana Nikolova ikinci, Sofia İlteriakova isə üçüncü olub. Top proqramında Darja Varfolomeev birinci, Sofia Raffaeli ikinci, Stiliana Nikolova isə üçüncü yeri tutub. Gürzlər üzrə çıxışlarda Darja Varfolomeev qalib gəlib, Sofiia İlteriakova və Taisiia Onofriichuk ikinci və üçüncü yerləri bölüşüblər. Lent proqramında da Darja Varfolomeev birinciliyini qoruyub, Sofia Raffaeli ikinci, Akmaral Yerekesheva isə üçüncü olub.
Qrup hərəkətlərində beş top proqramında İsrail komandası birinci, Braziliya ikinci, Özbəkistan isə üçüncü olub. Üç halqa və iki cüt gürz proqramında isə İspaniya qızıl medal qazanıb, AIN 2 ikinci, Bolqarıstan isə üçüncü yeri tutub.
Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək nəticə göstərən gimnast və komanda “AGF Trophy” kuboku ilə təltif olunub. Bu mükafata fərdi proqramda Darja Varfolomeev, qrup hərəkətlərində isə AIN 2 komandası layiq görülüb.
