Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Bakıda start götürən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarını dəyərləndirib.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi İdman.Biz-ə açıqlamlamasında bədii gimnastika üzrə Dünya Kuboku 2028-ci il Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizənin mühüm mərhələsi olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu gün start götürən Bakı mərhələsində 42 ölkədən təxminən 100 gimnast iştirak edir. Ümumilikdə isə, nümayəndə heyətləri də daxil olmaqla, iştirakçıların sayı 300-ə yaxındır.
Yarışlarda həm fərdi, həm də qrup hərəkətləri üzrə çıxışlar nümayiş etdirilir. Turnir üç gün davam edəcək: ilk iki gün təsnifat mərhələsi, üçüncü gün isə final yarışları keçiriləcək.
Nurlana Məmmədzadə bildirib ki, Azərbaycanda keçirilən gimnastika yarışları bu idman növünün populyarlaşmasına ciddi təsir göstərir:
“2002-ci ildə federasiyanın yenidən qurulmasından sonra, onun prezidenti ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva olduqdan sonra ölkədə müntəzəm olaraq böyük beynəlxalq yarışlar keçirilir. 2014-cü ildə Milli Gimnastika Arenası istifadəyə verildi. 2016-cı ildən isə Azərbaycanda üç olimpiya növü üzrə Dünya Kuboku mərhələləri təşkil olunur: bədii gimnastika, idman gimnastikası və batut gimnastikası.
İli batut gimnastikası ilə başladıq, martda idman gimnastikası oldu, aprel isə ənənəvi olaraq bədii gimnastika ayıdır. Federasiyanın strategiyası və dövlətin idmana diqqəti sayəsində bədii gimnastika ölkədə daha da populyarlaşır. Hər uğurdan sonra daha çox uşaq bu idman növünə yazılır”.
O həmçinin əlavə edib ki, 30 aprel - 3 may tarixlərində Bakıda bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək.
“2024-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku təşkil olunmuşdu. Onun formatı Dünya Kubokundan fərqlidir, burada gimnastlar “çarpaz duel” sistemi ilə mübarizə aparacaqlar. Təsnifat mərhələsində hər gimnastın və qrupun rəqibi olur və toplanan xallara əsasən növbəti mərhələyə keçid təmin edilir”, - deyə Nurlana Məmmədzadə bildirib.
