Arijali Nişa Neqaka: “Azərbaycanda gənc gimnastlar yüksək potensiala malikdirlər” - MÜSAHİBƏ - FOTO

Müsahibə
7 Dekabr 2023 10:35
122
Arijali Nişa Neqaka: “Azərbaycanda gənc gimnastlar yüksək potensiala malikdirlər” - MÜSAHİBƏ - FOTO

Dekai-Cakarta Bədii Gimnastika Assosiasiyasının baş məşqçisi, indoneziyalı Arijali Nişa Neqaka Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, Azərbaycanda təlim-məşq toplanışında olan mütəxəssis Milli Gimnastika Arenasını çox bəyəndiyini deyib.

- Bakı toplanışında məşqlərə neçə idmançınız cəlb olunub?

- Buraya gənclər yaş kateqoriyasını təmsil edən 3 gimnastla gəlmişəm. Onların hələ 17 yaşı var. Mənimlə birgə böyüklərdən ibarət yığma komandamızın məşqçisi Vini Sari də hazırlıqda iştirak edir.

- Ölkəmizdəki məşqləri necə dəyərləndirirsiniz?

- Azərbaycana səfərimizdən öncə gimnastlarımızla söhbət etdim və onlara bildirdim ki, məşqlərdə cəsarətli, nizam-intizamlı, həvəsli, həm də fiziki cəhətdən güclü olmalıdırlar. Çünki burada keçirilən hazırlıq bizim ölkədən çox fərqlənir.

- Azərbaycan gimnastları ilə bağlı nə deyə bilərsiz?

- Hazırda burada çoxlu gənc gimnast görürəm. Onlar gözəldirlər və gələcək yarışlar üçün yüksək potensiala malikdirlər. Bəlkə də nə vaxtsa dünya səviyyəli yarışlarda çıxış edəcəklər.

- Gimnastlarınızı yarışlara necə həvəsləndirirsiniz?

- İlk növbədə onlar nizam-intizamlı olmalıdırlar. Əsas odur ki, qarşılarına gələcək üçün məqsəd qoymalıdırlar. Nə vaxtsa dünya çempionatı kimi mötəbər yarışda iştirak edəcəklərinə inanmalıdırlar.

- Peşəkar idman sizin üçün nə deməkdir?

- Mənim peşəkar idmanla bağlı fikirlərim ondan ibarətdir ki, bütün hakimlər yarışlarda ədalətli olmalı və qəti qərar verməlidirlər.

- Məşqçi kimi ən yaxşı nəticəniz hansıdır?

- Yığma komandamız İndoneziyada keçirilən çempionatlarda həmişə qızıl medallar əldə edir. Dəniz Oyunlarında qızıl, gümüş və bürünc mükafatlarımız olub. Asiya Oyunlarında hələ ki, heç bir nailiyyətimiz yoxdur, qitə çempionatında isə 15-ci sırada qərarlaşmışıq.

- Milli Gimnastika Arenası haqqında fikirləriniz necədir?

- Çox əladır. Zal çox təmizdir. Məşqçilik yüksək səviyyədədir. Onlar çox peşəkardırlar. Yaşayış otaqları da gözəldir. Həkim, fizeoterapiya, massajçılar, bir sözlə, hər kəs gimnastlarımızın qayğısına qalır. Məşqçilər idmançılarımızın təkmilləşməsi üçün hərtərəfli köməklik göstərirlər.

İdman.biz