“İnsanların qolf çubuğu ilə şəkil üçün yox, məşq üçün gəlməsini istəyirik” - Tural Vəlizadənin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ - FOTO/VİDEO

4 Avqust 2026 16:18
137
“İnsanların qolf çubuğu ilə şəkil üçün yox, məşq üçün gəlməsini istəyirik” - Tural Vəlizadənin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ - FOTO/VİDEO

Azərbaycanda qolf uzun illər bu idman növünü əhatə edən stereotiplərin çərçivəsindən tədricən çıxır. Bu, artıq yalnız varlı kişilər üçün bahalı hobbi deyil. Bu gün ölkədə qadınlar və uşaqlar da qolf oynayır, idmançılar beynəlxalq yarışlarda mükafatlar qazanır, məşqlər isə getdikcə daha çox insan üçün əlçatan olur. Üstəlik, Azərbaycan Qolf Federasiyası artıq 2028-ci il Olimpiya Oyunlarını hədəfləyir.

Azərbaycanda qolfun bu gün necə inkişaf etməsi, uşaqların niyə məhz bu idman növünü seçməli olduğu və məşqlərin qiyməti barədə İdman.Biz-ə Azərbaycan millisinin baş məşqçisi Tural Vəlizadə danışıb.

- Azərbaycanın qolf millisi necə formalaşıb?

- Millinin heyəti barədə danışmazdan əvvəl qolfda mövcud olan yaş kateqoriyalarını izah etmək istərdim. İlk növbədə 18 yaşadək idmançıları əhatə edən yeniyetmələr kateqoriyası var. Bəzi turnirlər isə 16 yaşadək qolfçular üçün keçirilir.

Daha sonra əsas yaş kateqoriyası gəlir - 18 yaşdan 50 yaşadək. Ən böyük yarışlar, o cümlədən Olimpiya Oyunlarına təsnifat turnirləri məhz bu yaş aralığında keçirilir. 50 yaşdan sonra Senior kateqoriyası başlayır və burada idmançılar fiziki imkanları çatdığı müddətdə çıxış edə bilirlər.

Hazırda Azərbaycan millisinin heyətində iki yeniyetmə var - onlardan biri 10, digəri isə 16 yaşındadır. Komandada bir qadın idmançı da yer alır – Gülnarə Əsədova. O, bu yaxınlarda ölkə birinciliyinin qalibi olub və milliyə dəvət alıb. Kişilər arasında isə Azərbaycanı 34 yaşlı Kamran Zeynalov təmsil edir.

- Sizdən başqa məşqçilər korpusunda digər mütəxəssislər də var?

- Milli komandanın idmançıları ilə mən işləyirəm. Bununla yanaşı, qolfun populyarlaşdırılması ilə məşğul olan daha üç məşqçimiz var. Onlardan biri Bakıda, ikisi isə Qubada fəaliyyət göstərir. Azərbaycanda iki peşəkar klub var: Bakıda yerləşən “Dreamland Golf Club” və Qubadakı Milli Qolf Klubu.

- Quba sakinləri qolfa maraq göstərirlər?

- Qubada məşqçilərimiz əsasən qolf klubunun yerləşdiyi “Quba Palace” hotelinin qonaqları ilə işləyirlər. Açığını desəm, yerli əhali arasında maraq hələlik çox böyük deyil. Qubada qolf oynayanların əksəriyyəti klubun keçmiş əməkdaşları və ya onların övladlarıdır. Hələlik Quba bölgəsindən millidə idmançımız yoxdur, amma bunun üzərində işləyirik.

- Azərbaycan millisini MDB ölkələrinin komandaları ilə müqayisə etsək, səviyyəmizi necə qiymətləndirərdiniz?

- Böyüklər arasında qolfdan danışırıqsa, mənim fikrimcə, MDB məkanında ən güclü komanda Özbəkistandır. İkinci yerdə yəqin ki, Rusiya gəlir. Ondan sonra isə Azərbaycan. Amma 10 yaşadək idmançılar arasında Azərbaycan liderdir. Qolfçumuz Emin Rzayev öz yaş kateqoriyasında MDB ölkələrinin ən güclü oyunçusu hesab olunur. O, beynəlxalq yarışlarda uğurla çıxış edir və mükafatçılar sırasında yer alır.

- Özbəkistan bu səviyyəyə necə yüksələ bilib?

- Özbəkistan, Rusiya və Qazaxıstan kimi ölkələrdə qolf daha əvvəl yaranıb, buna görə də onların üstünlüyü var. Əhalinin sayı da xeyli çoxdur. Bundan əlavə, Özbəkistan Asiyaya daha yaxındır. Asiya isə qolfun inkişaf etdiyi əsas mərkəzlərdən biridir. Çin, Yaponiya, Cənubi Koreya, Malayziya və Filippin çox güclü ölkələrdir.

Amma böyük Özbəkistanda belə cəmi iki-üç yüksək səviyyəli idmançı var. Biz də nəsə etməyə çalışırıq. Hələlik Azərbaycanda qolfa maraq böyük deyil, amma federasiya bu idman növünü populyarlaşdırır. İnsanların qolf çubuğu ilə sadəcə şəkil çəkdirmək üçün yox, ciddi şəkildə məşq etmək, peşəkar olmaq üçün gəlməsini istəyirik.

- Qolfun Azərbaycanda kütləvi idman növünə çevrilməsi realdırmı?

- Qolfda komanda yarışları olsa da, bu, ilk növbədə fərdi idman növüdür. Azərbaycan idmanının tarixinə baxsaq, ən böyük uğurlarımızın əksəriyyəti məhz fərdi növlərdə qazanılıb. Buna görə də hesab edirəm ki, qolfda da yaxşı nəticələr əldə edə bilərik.

- Futbol, voleybol və ya güləş kimi populyar idman növləri olduğu halda uşaqları qolfa necə cəlb etmək olar?

- Uşaqları cəlb etmək üçün məktəblərə gedirik, tanışlıq məşğələləri keçiririk, istedadlı uşaqları müəyyənləşdirərək onları qolfda özlərini sınamağa dəvət edirik. Tədricən bizə gələn uşaqların sayı artır.

Ən vacibi uşağın öz istəyidir. Əlbəttə, burada valideynlərin rolu da böyükdür. Əgər uşaq gələcəkdə idmançı olmaq və Olimpiya Oyunlarında çıxış etmək istəyirsə, məşqlərə çox vaxt ayırmalıdır. Amma valideynlər çox vaxt təhsilə üstünlük verirlər.

Avropa və Asiyada uşaqların həm yaşadığı, həm oxuduğu, həm də məşq etdiyi xüsusi idman məktəbləri fəaliyyət göstərir. Azərbaycanda da belə müəssisələrin sayı çox olsaydı, bütün idman növlərində nəticələr daha yaxşı olardı. Hazırda isə tez-tez belə hallarla rastlaşırıq: uşağa uzun illər böyük zəhmət sərf edirsən, amma o, 15-16 yaşında qərara gəlir ki, yalnız təhsilə fokuslansın.

- Qolfun faydası nədədir? Uşaqlara niyə məhz bu idman növünü seçməli olduqlarını necə izah edirsiniz?

- Bu gün əsas problemlərdən biri uşaqların həddindən artıq qadcetlərə aludə olmasıdır. Qolf bundan uzaqlaşmağa kömək edir. Bizim məşqlərdə təxminən bir saat hazırlığa, daha dörd saat isə oyuna sərf olunur. Bu müddət ərzində telefondan istifadə etmək olmaz. Deməli, uşaq ən azı beş saatını qadcetsiz keçirir.

Bundan əlavə, qolf təmiz hava, D vitamini, təbiət və fiziki aktivlik deməkdir. Bu idman növü diqqəti cəmləməyi və səbirli olmağı inkişaf etdirir ki, bu da həyatın digər sahələrinə də müsbət təsir göstərir. Uşaqlarda kitab oxumağa maraq artır. Qolf həm də strateji düşüncə və sürətli qərarvermə bacarığını inkişaf etdirir. Oyun zamanı küləyi, hava şəraitini, relyefi və digər amilləri nəzərə alaraq vəziyyəti daim təhlil etməli olursan. Buna görə də qolf təkcə bədəni deyil, düşüncə tərzini də məşq etdirir.

- Qolfla məşğul olmaq üçün yaş məhdudiyyəti varmı?

- Adətən üç-beş yaşlı uşaqları qəbul edirik. Amma qolfa böyüklər də başlaya bilərlər. Yaşlı insanlar da bu idman növü ilə sadəcə zövq almaq üçün məşğul ola bilərlər. Bir çox prezidentlər də məhz belə edirlər. Bundan başqa, çoxlu həvəskar turnirlər keçirilir.

- Deyirlər ki, qolf varlıların idman növüdür. Bu nə dərəcədə doğrudur?

- Başa düşmək lazımdır ki, biz kapitalizm şəraitində yaşayırıq. İnsanların maddi imkanları müxtəlifdir. Hər kəs 200 min dollarlıq avtomobil ala bilmir. İdmanda da eyni vəziyyətdir – bəzi növlər bahalı avadanlıq və məşqlər tələb edir.

Amma qolfla bağlı bu stereotip artıq köhnəlib. 1980-ci illərə qədər qolf həqiqətən də varlıların idman növü hesab olunurdu. Lakin Olimpiya proqramına daxil edildikdən sonra çox şey dəyişdi. Olimpiya çempionlarına baxsaq, onların əksəriyyəti adi ailələrdən çıxıblar. Bu, təkcə qolfa aid deyil. Çox nadir hallarda Olimpiya qalibləri cəmiyyətin elit təbəqəsindən olur. Bunu Azərbaycanın timsalında da görürük. Məşhur idmançılarımızın əksəriyyəti imkansız ailələrdən çıxıblar. Adətən məhz belə uşaqlar uğur qazanmağa, yaxınlarına kömək etməyə və həyatlarını dəyişməyə daha çox motivasiya olurlar.

Əlbəttə, ABŞ-də üzvlük haqqı on minlərlə dollar olan qapalı qolf klubları var. Amma bununla yanaşı, gələcəyin çempionlarının məşq etdiyi bələdiyyə qolf klubları da fəaliyyət göstərir.

- Azərbaycanda məşqlərin qiyməti nə qədərdir?

- Hazırda “Dreamland Golf Club”da bir məşğələnin qiyməti böyüklər üçün 20 manat, uşaqlar üçün isə 10-15 manat təşkil edir. Hazırda federasiya qolf simulyatorlarının (qapalı məkanda məşq üçün nəzərdə tutulmuş rəqəmsal sistem – red.) inkişafı üzərində işləyir. Yaxın vaxtlarda onlar Bakıda fəaliyyətə başlayacaq. Məşqlərin qiyməti kifayət qədər əlçatan olacaq – təxminən 10-20 manat. İstənilən şəxs gəlib özünü sınaya biləcək.

Əgər istedadlı uşaq görsək, ona mütləq dəstək olacağıq. Federasiyanın gənc idmançıların dəstəklənməsi fondu var. Əsas məqsədimiz qolfu kütləvi idman növünə çevirməkdir. Heç vaxt ailəsinin maddi imkanı olmadığı üçün hansısa uşağa “yox” demərik.

- Söhbətimizdə Olimpiya Oyunlarını dəfələrlə qeyd etdik. Bu səviyyədə Azərbaycanın qolf üzrə perspektivləri necə görünür?

- İki ildən sonra Los-Ancelesdə Olimpiya Oyunları keçiriləcək. Böyük ümidlərimizi Kamran Zeynalova bağlayırıq. Məqsədimiz Beynəlxalq Olimpiya Komitəsindən onun üçün wild card əldə etməyə çalışmaqdır. Bu cür xüsusi dəvətlər həmin idman növünün yeni inkişaf etdiyi ölkələrin idmançılarına Olimpiya Oyunlarında iştirak imkanı yaratmaq üçün verilir.

Məsələn, 2000-ci ildə Zemfira Meftahətdinova “wild card” alaraq("Wild card", adətən, həmin idman növünün inkişaf etdiyi ölkələrdən olan və ya xüsusi hallarda seçilən idmançılara verilən iştirak hüququdur - red) Olimpiya çempionu oldu. Növbəti Olimpiadada isə bürünc medal qazandı. Onun uğuru Azərbaycanda stend atıcılığının inkişafına böyük təkan verdi. Bizim də məqsədimiz yaxın Olimpiya Oyunlarına məhz bu yolla vəsiqə qazanmaqdır. Sonrakı Olimpiadaya qədər isə idmançımızın dünya reytinqində öz gücü hesabına yüksələrək lisenziya əldə etməsi tamamilə mümkündür. Zemfira Meftahətdinovanın uğurunu təkrarlaya biləcəyikmi? Bunu sınamasaq, heç vaxt bilməyəcəyik.

İdman.Biz