Azərbaycanda ilk dəfə yeniyetmələr arasında beynəlxalq qolf turniri təşkil olunub.
İdman.Biz xəbər verir ki, The National Azerbaijan Golf Club-un təşkilatçılığı ilə keçirilən “Caspian Junior Cup 2026” turnirində Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın milli qolf federasiyalarını təmsil edən gənc idmançılar mübarizə aparıblar.
Quba Palace Hotel və The National Azerbaijan Golf Club-un birgə təşkil etdiyi yarış ölkəmizdə keçirilən 10 günlük Beynəlxalq Yeniyetmələr Qolf Düşərgəsinin yekun tədbiri olub. Düşərgə müddətində iştirakçılar birgə məşqlər keçib, təcrübə mübadiləsi aparıb, milli federasiyaların baş məşqçilərinin rəhbərliyi altında bacarıqlarını artırıblar. Bununla yanaşı, komandalar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə də xüsusi önəm verilib.
Turnirin mükafatlandırma mərasimində diplomatik korpusun nümayəndələri, iştirakçı ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri, media nümayəndələri, bloqerlər və influenserlər iştirak ediblər.
Qeyd olunub ki, yarışın əsas məqsədi uşaq və yeniyetmə qolfunun inkişafına töhfə vermək, beynəlxalq idman əməkdaşlığını gücləndirmək və Azərbaycanı beynəlxalq qolfun inkişaf edən mərkəzlərindən biri kimi tanıtmaqdır.
Təşkilatçılar hesab edirlər ki, “Caspian Junior Cup” gələcəkdə region ölkələrinin gənc qolfçularını mütəmadi olaraq bir araya gətirəcək beynəlxalq idman ənənəsinin əsasını qoyacaq.
