“Fransanın paytaxtı Parisdə keçirilmiş “Paris Invitational 2026 USKIDS” turniri Azərbaycan qolfçusu Emin Rzayev üçün böyük təcrübə olub”.
Bu barədə millinin baş məşqçisi Tural Vəlizadə açıqlama verib.
O, iki medal qazandıqları yarışla bağlı fikirlərini bölüşüb.
“Turnir bizim üçün yaxşı keçdi və böyük təcrübə oldu. Yarışdakı uşaqlar, müəllimləri, valideynləri və dostları ilə birlikdə qrup şəklində də mübarizə apara bilirdilər. Bu, turnirdə əsas yarışdan əvvəl sahəni tanımaq baxımından yaxşı praktika idi. Azərbaycan bir uşaq idmançı ilə təmsil olunurdu. Digər ölkələrin təmsilçiləri çox idi. Fransanın özündən qolfçular mübarizə aparırdı. Emin Rzayevlə birlikdə ikinci yeri tutduq və gümüş medal qazandıq. Sonra o, fərdi mübarizədə bürünc mükafata sahib çıxdı. Çox ağır yarış alındı. Dördüncü və ya ikinci yeri də tuta bilərdik. Sadəcə, son raundda ikinci yeri tutan bir az daha yaxşı nəticə göstərdi. Yerli qolfçu idi və sahəni yaxşı tanıyırdı. ABŞ-dən olan idmançı isə dördüncü oldu, bizi izləyirdi. Son raundda yaxşı çıxış edə bilmədi və böyük xal fərqi ilə üçüncü yeri bizim idmançımız tutdu”, - deyə o report.az-a bildirib.
T.Vəlizadə turnirdə əsas məqsədlərinin ilk “5-liy”ə düşmək olduğunu söyləyib:
“10 yaşlı tələbəmlə yarışdan bir gün əvvəl Parisə çatdıq. Daha yüksək əyarlı medal qazanmağa təcrübə mane oldu. İkinci yeri tutan qolfçu sonda daha yaxşı təsir bağışladı. Biz ilk “5-liy”ə daxil olmağı qarşımıza hədəf qoymuşduq. Sahə ilə elə də çox tanış deyildik. Birinci dəfə burada çıxış edirdik. Buna baxmayaraq medalsız qayıtmadıq”.
Baş məşqçi bu idman növünün çətinliklərindən söz açıb:
“Rauf Xəlilov 2022-ci ildən Azərbaycan Qolf Federasiyasının prezidentidir. İndiyədək çox işlər görmüşük. Yeni başlayanlar üçün qolf proqramlarımız var. Bu idman növü Azərbaycanda yenidir. Sadəcə, bir az zaman lazımdır. İlk növbədə regionlarda baza olmalıdır. Məşq bazalarının tikilməsi isə böyük büdcə tələb edir. Əhalinin sıx toplaşdığı şəhərlərdə olsa, daha yaxşı olar. Hazırda olan iki meydança özəl şirkətlərə məxsusdur. Federasiya da bu idman növünün populyarlaşması üçün əlindən gələni edir. Qolfu öyrənmək də asan deyil. Çoxlu məşqlər lazımdır”.
Xatırladaq ki, Fransadakı turnirin qrup formatında keçirilən yarışında Emin Rzayev ilə Tural Vəlizadə gümüş mükafata sahib çıxıblar. Fərdi proqramda isə Emin Rzayev bürünc medal qazanıb.
