"Çempionlar Liqasının əsas mərhələsində məqsədimiz maksimum irəliləməkdir".
İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Araz-Naxçıvan” klubunun qapıçısı Rövşən Hüseynli deyib.
Azərbaycan millisinin üzvü uğura gedən yolda çox çalışdıqlarını söyləyib: “Mövsümün əvvəlindən baş məşqçi və rəhbərlik yaxşı komanda formalaşdırdı, legionerlər dəvət olundu, struktur yenidən quruldu. Mən də uzun fasilədən sonra komandaya qayıtdım. İlkin mərhələyə hazırlıq prosesi olduqca yaxşı keçdi. Xüsusilə fiziki planda daha çox işlədik. Bu da matçlarda özünü göstərirdi. Hər oyuna maksimum nəticə üçün çıxırdıq. Rəqibin kimliyindən asılı olmayaraq, üstün tərəflərimizi meydanda göstərməyə çalışırdıq. Oyunlardan əvvəl qarşılaşacağımız rəqiblərdən nisbətən üstün olduğumuzu görürdük, amma bu, bizi arxayınlaşdırmadı. Əksinə, daha çox məsuliyyət hiss etdik və nəticədə lazım olan qələbələri qazandıq”.
O, komandasının əsas raunddakı rəqiblərini dəyərləndirib: “Rəqiblərimiz artıq bəllidir. Bu mərhələdə də favorit hesab olunuruq. Son illərdə “Araz-Naxçıvan” klubu əsas mərhələdə uğurlu nəticələr göstərə bilmirdi, amma bu il tamamilə fərqlidir. Şanslarımızı yüksək qiymətləndirirəm. Əlbəttə, rəqiblərimiz də güclüdür. Məsələn, ev sahibi Rumıniyanın “Yunayted Qalati” komandası çox təcrübəlidir. İllərdir bu mərhələdə iştirak edir. Niderlandın “Tayqers Rormund” klubunun isə heyəti əsasən milli komandanın futzalçılarından təşkil olunub. Əlavə olaraq legionerləri də var. Yəni hər bir görüş bizim üçün ciddi sınaq olacaq. Lüksemburq təmsilçisi “Differdanj” barədə geniş məlumatım olmadığına görə nəsə deyə bilmərəm”.
“Qarşımızda hələ bir ay, ay yarım vaxt var. Bu müddətdə oyunlara tam hazırlaşıb lazımi nəticəni qazanmaq üçün çalışacağıq. Əminəm ki, hazırlıq planımıza davam edib taktiki cəhətdən də daha da inkişaf etsək, qarşıya qoyulan məqsədlərə nail ola biləcəyik”, - deyə qolkiper bildirib.
Qeyd edək ki, bu mərhələnin oyunları oktyabrın 28-dən noyabrın 2-dək Rumıniyada keçiriləcək.
İdman.biz