U-19 futzal millisinin baş məşqçisi hədəfi açıqladı

6 Oktyabr 2026 17:08
93
U-19 futzal millisinin baş məşqçisi hədəfi açıqladı

“19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının əsas mərhələsində qrup qalibi olmağa çalışacaq”.

Bunu 19 yaşadək futzalçılardan ibarət komandanın baş məşqçisi İlqar Aslanov deyib.

Mütəxəssis püşkatmanın nəticəsini dəyərləndirərək rəqiblərin güclü olduğunu bildirib.

“Bizə çox çətin rəqiblər düşüb. Onların arasında Yunanıstan zəif kimi görünür. Ancaq üç il əvvəl onlarla görüşmüş və məğlub olmuşduq. Çox yaxşı komandadır. Ümumiyyətlə, rəqiblərin hamısı güclüdür”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

İ.Aslanov komandanın hazırlıq prosesindən və heyətlə bağlı çətinliklərdən söz açıb:

“Oktyabrın 1-dən məşqlərə başlamışıq, hələ ki seçimlər aparılır. Aşağı yaş qrupları olmadığı üçün elan vermişik, gələnlər arasında əvvəllər böyük futbolda çıxış edənlər də var. İstedadlı uşaqlar az olsa da, onların arasından seçim etmək məcburiyyətindəyik. Ən böyük çətinliyimiz isə hərbi xidmətlə bağlıdır. Əsas heyətin 3 futbolçusu hərbi xidmətə yollanacaq. Çətinliklərə baxmayaraq, hazırlaşırıq”.

O, komandanın məqsədini diqqətə çatdırıb:

“Ötən çempionatda Xorvatiya ilə heç-heçə oynamışdıq. Əlbəttə, qrupda birinci yeri tutmaq fikrindəyik. Çox çətin olacağını bilsək də, buna çalışacağıq. İlk matçımız martın 30-da keçiriləcək”.

Qeyd edək ki, yığma yeddinci qrupda Ukrayna, Xorvatiya və Yunanıstanla mübarizə aparacaq.

İdman.Biz