“Yoldaşlıq oyunları olsa da, meydana millinin formasında çıxacağıq və məqsədimiz matçın statusundan asılı olmayaraq qələbə qazanmaqdır”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Oktay Rüstəmli deyib.
Sentyabrın 19-da və 20-də Çexiya yığması ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisi hazırlığını Zlin şəhərində davam etdirir. Komandanın üzvü oyunlara hazırlığı haqda danışıb: “Hələ ki, futzal mövsümünün əvvəli olduğuna görə, hər kəs formasının pik səviyyəsində deyil. Müəyyən axsamalar var, amma bunlar tədricən aradan qaldırılacaq. Klubda əhval-ruhiyyə yaxşıdır. Hər birimiz özümüzə və komandamıza inanırıq. Meydanda da bu inamın verdiyi ruh yüksəkliyi ilə mübarizə aparacağıq. Sentyabrın 19-da və 20-də Çexiya ilə keçirəcəyimiz matçların mahiyyətini başa düşürük. Əsas hədəf baş məşqçinin verəcəyi tapşırıqları mümkün qədər səhvsiz yerinə yetirmək olacaq. Çünki bizi dekabrdan başlayaraq AVRO-2026-nın seçmə oyunları gözləyir. Rəqiblərimiz bəllidir. Hər birinin məqsədi var, biz də final mərhələsinə yollanmaq niyyətindəyik.
Rüstəmli AVRO-2026-nın seçmə oyunları haqqında da danışıb: “Seçmə mərhələdəki rəqiblərimiz heç də zəif komandalar deyillər. Xorvatiya millisi favorit hesab olunur. Ancaq futzal elə idman növüdür ki, nəticəni əvvəldən proqnozlaşdırmaq mümkün deyil. Qrupdan üzüağ, alnıaçıq çıxacağımıza inanıram”.
Qeyd edək ki, yığmamız Avro-2026-nın seçmə mərhələsində Xorvatiya, İsveç və Yunanıstana qarşı mübarizə aparacaq.
İdman.biz