“Rəqiblərimiz çox güclüdür. “Piast” Polşa çempionudur və digər iki kollektiv də ilkin mərhələnin qalibləridir”.
Bunu son Azərbaycan çempionu “Araz-Naxçıvan” futzal klubunun yeni prezidenti Mahmud Sadıqov report.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- “Araz-Naxçıvan” futzal klubunda vitse-prezidentlikdən prezident postuna keçdiniz. Yeni vəzifənizdə ilk addımlarınız və rəhbər kimi qarşıya qoyduğunuz əsas hədəflər nədən ibarətdir?
- 7 il “Araz-Naxçıvan”ın vitse-prezidenti işlədikdən sonra bu ildən etibarən komandanın prezidenti oldum. Qarşıya hər zamankı kimi Azərbaycan çempionluğu, Avropada uğurlu çıxış məqsədi qoymuşuq. Eyni zamanda, hər il U-19-un heyətindən ən azı bir-iki oyunçu cəlb edirik. Başlıca niyyət onların yetişməsində mühüm rol oynamaqdır. Hazırda həmin futzalçılar müxtəlif klublarda, eləcə də “Araz-Naxçıvan”da müəyyən uğurlara imza atırlar.
- Əvvəllər Azərbaycan Futzal Federasiyasının İdarə Heyətinin üzvü və baş katibi olmusunuz. Həmin qurum ləğv edilərək AFFA daxilində vahid bir departamentdə birləşdirilib. Bu, ölkə futzalının idarə olunmasına və inkişafına necə təsir göstərəcək?
- Uzun müddət, 14 il ərzində həm federasiyanın baş katibi, həm də vitse-prezidenti vəzifələrində çalışmışam. Əlimdən gələni, nə imkanım və gücüm olubsa, bu idman növünün inkişafı naminə həyata keçirməyə səy göstərmişəm. Bu gün AFFA nəzdində yeni yaradılan Futzal Departamentinin rəhbərliyinin də eyni xətt üzrə inkişafı davam etdirəcəyini düşünürəm.
- Baş məşqçi Yevgeni Kukseviçlə müqavilə yenilənmədi və komanda yanvaradək Fərid Ələkbərovla Rəcəb Fərəczadəyə tapşırıldı. Həmin vaxtdan sonra kollektivə yeni baş məşqçi gətiriləcək, yoxsa bu mütəxəssislərlə yola davam edəcəksiniz?
- Bildiyiniz kimi, AFFA İcraiyyə Komitəsi millinin baş məşqçisi kimi Kukseviçin namizədliyini təsdiqləmədi. Ona görə də o, mənə postunu tərk etmək istədiyini, artıq yalnız “Araz-Naxçıvan”da çalışmaq niyyətində olmadığını bildirdi. Biz də onunla görüşdük, halallaşdıq, gələcək karyerasında uğurlar arzuladıq və çox səmimi şəkildə, dostcasına ayrıldıq. Bu gün də münasibətimiz var, bir-birimizlə əlaqə saxlayırıq. Hazırda onun iki köməkçisi - Rəcəb Fərəczadə və Fərid Ələkbərov kollektivdədir. Ən azı yanvara qədər onlarla yola davam edəcəyik, ondan sonra isə yeni namizədlərə baxa və ya elə hər ikisi ilə mövsümü başa vura bilərik. Bu məsələlər irəlidə müzakirə olunacaq.

- Bu mövsüm heyətdə cəmi iki legionerin yer alacağını, əsas yükün yerli futzalçıların üzərinə düşəcəyini demişdiniz. “Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasındakı iddiası nəzərə alınarsa, bu strategiya komandanın beynəlxalq arenadakı nəticələrinə necə təsir edəcək?
- Bəli, bu il bir qədər fərqli yol seçmişik. Büdcənin azalması səbəbindən yığma üzvləri ilə müqavilə bağlamışıq. Güman edirəm ki, milli komandanın bazası rolunu məhz klubumuz oynayacaq. Yığmanın 9 futzalçısı artıq bizim heyətdədir. Əlavə olaraq iki legioner də dəvət etməyi planlaşdırırıq. Kollektivi bir az da gücləndirmək lazımdır, çünki çempionatda rəqabətədavamlı olmaq istəyirik. Yığmanın, eləcə də komandamızın bütün üzvlərinə inamım böyükdür. Ümid edirəm ki, onların səyi və əməyi ilə bu mövsüm Azərbaycan çempionatında layiqli yerimizi tutacağıq.
- UEFA Çempionlar Liqasının Polşada təşkil olunacaq əsas mərhələsində “Piast” (Polşa), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypeşt” (Macarıstan) klubları ilə bir qrupda mübarizə aparacaqsınız. Heyətdəki dəyişiklikləri nəzərə alsaq, komandanın növbəti mərhələlərə yüksəlmək şanslarını necə qiymətləndirirsiniz? Bu mövsüm Çempionlar Liqasında iddianız nədir?
- Rəqiblərimiz çox güclüdür. “Piast” Polşa çempionudur və digər iki kollektiv də ilkin mərhələnin qalibləridir. İşimiz çətin olacaq. Amma maksimum dərəcədə yaxşı çıxış etməyə çalışacağıq. Hədəfimiz odur ki, ən azı ötənilki nəticəni təkrarlayaq. Bunun nə dərəcədə alınacağını qarşıdakı oyunlar göstərəcək.
- “Araz-Naxçıvan”ın əsasən milli komandanın bazası rolunu oynaması nəzərdə tutulur. Bu addımın Azərbaycan yığmasının beynəlxalq turnirlərdəki çıxışına və yerli oyunçuların inkişafına nə kimi faydaları olacaq?
- Baza rolunu oynamaq əsasən yığmanın özü üçün çox gözəl təşəbbüsdür. Çünki milli komandanın özəyini təşkil edən futzalçıların bir klubda cəmləşməsi onların daim yaxşı fiziki formada qalmasına böyük təkan verir. Güman edirəm ki, “Araz-Naxçıvan” olaraq yığmaya öz töhfəmizi verəcəyik. Arzulayıram ki, kollektivimiz millinin əsas bazasına çevrilsin və heyət üzvlərinin çoxu məhz burada çıxış etsin. Yerli oyunçularla oynamaq və onların inkişaf etdirilməsi əsas vəzifələrimizdən biridir.
