Rövşən Hüseynli: “İtirəcəyimiz heç nə yoxdur” - MÜSAHİBƏ

Müsahibə
12 Aprel 2024 13:44
Rövşən Hüseynli: “İtirəcəyimiz heç nə yoxdur” - MÜSAHİBƏ

Azərbaycan millisinin futzalçısı Rövşən Hüseynlinin İdman.bizə müsahibəsi

- ⁠Millimiz aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Bu qarşılaşmadan gözləntiləriniz nədir?

- ⁠Bütün gücümüzlə bu oyunlara hazırlaşırıq. Bu cür yoldaşlıq görüşləri bizim üçün nəticə baxımından önəmlidir. Çünki qarşıdan Avropa çempionatının seçmə mərhələsi gəlir. Düşünürəm ki, yoldaşlıq görüşü məhz taktiki cəhətdən bizə təcrübə qazandıracaq. Həmçinin heyətə qatılan yeni oyunçuların özlərini göstərməsi baxımından vacibdir. Əlimizdən gələni edəcəyik ki, yaxşı şəkildə mübarizə aparaq.

- ⁠Yoldaşlıq görüşünə hazırlıqlar necə gedir?

- ⁠Aprelin 8-dən təlim-məşq toplanışlarına start vermişik. Gündə bir və ya iki dəfə hazırlıq keçirik. Bu gün yekun məşqimizdir. Artıq bir neçə saatdan sonra Gürcüstana gedəcək heyət bəlli olacaq. Minimum vaxtda maksimum şəkildə hazırlıq keçirik.

- ⁠Heyətdə gənc oyunçular üstünlük təşkil edir. Bu Gürcüstan millisinə qarşı mübarizədə çətinlik yaratmayacaq?

- ⁠Bunu oyun göstərəcək. Amma sözsüz ki, çətin olacaq. Səhvlərimiz də olacaq. Lakin ən təcrübəli oyunçular belə səhv edə bilirlər. İstər-istəməz həyəcan yüksək olacaq. Çünki heyətdə elə gənclərimiz var ki, birdən-birə reytinqə təsir edən yoldaşlıq oyununa çıxacaqlar. Milli komandanın formasını geyinməyin özü həyəcandır. Təbii ki, burada itirəcəyimiz heç nə yoxdur. Baş verən hər bir hal xeyrimizədir. Bütün bunlar futzalın inkişafı üçün daha yaxşıdır.

- ⁠Gürcüstan millisi barədə nə düşünürsüz?

- ⁠Bu vaxta qədər onların da heyətində bizim kimi legionlər daha çox idi. Amma indi iki eyni xarakterli komanda meydanda mübarizə aparacaq. Bizi çox fərqli oyun gözləyir.

- ⁠Yığmada yeni eranın başlandığı deyilir. Millidə bu dəfə artıq daha çox gənclərə yer verilib. Bu addımı necə qarşıladız?

- ⁠Gözəl, ideal və bizim istədiyimiz bir addım gerçəkləşdi. Bu bizim illərlə arzuladığımız bir şey olub. Çox istəyirdik ki, millimizdə yerli oyunçulara daha çox önəm verilsin. Düzdür, heyətimizdə yerlilər var idi. Amma artıq elə bir dövrə gəlib çatdıq ki, sırf gənclərə önəm verildi. Olar bilər ki, bir-iki il nəticə verə bilmərik. Amma uzun müddətdən sonra artıq oturuşmuş heyətimiz olacaq. Belə olduğu halda da, artıq istədiyimiz nəticəni əldə edə biləcəyik.

Banuçiçək Hüseynli
İdman.biz