Futzal üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Hər iki görüşdə Yüksək Liqa təmsilçiləri rəqiblərini üstələyərək finala vəsiqə qazanıblar.
İdman.Biz xəbər verir ki, günün ilk oyununda “Neftçi” İK “Baku Fire-2” komandası ilə üz-üzə gəlib. Gərgin keçən mübarizədə rəqibindən daha üstün oyun nümayiş etdirən “Neftçi” İK qələbə qazanaraq adını finala yazdırıb - 9:1.
Yarımfinalın digər matçında isə “Araz-Naxçıvan” PFL üzərində böyükhesablı qələbəyə sevinib – 20:3. Naxçıvan təmsilçisi bu nəticə ilə həm finala yüksəlib, həm də ötən mövsümün həlledici oyunundakı məğlubiyyətin əvəzini çıxmağı bacarıb.
Beləliklə, futzal üzrə Azərbaycan kubokunun qalibi mayın 21-də keçiriləcək “Neftçi” İK - “Araz-Naxçıvan” matçında müəyyənləşəcək.
