Yevgeni Kukseviç: “Meydanda gördüyümüz yaxşı işlər qələbəyə bərabərdir”

15 Aprel 2026 21:19
159
Yevgeni Kukseviç: “Meydanda gördüyümüz yaxşı işlər qələbəyə bərabərdir”

“Birinci oyundan sonra istirahət etdik və yaxşı bərpa olunduq. Üstəlik, rəqibin adının gətirdiyi üstünlüyü, azarkeş amilini, zala uyğunlaşmaq baxımından yaşadığımız problemi bu dəfə bir kənara atdıq, psixoloji baxımdan matça tam hazır çıxdıq. Buna görə də yaxşı oynadığımızı deyə bilərəm”.

İdman.Biz bildirir ki, bu sözləri bu gün keçirilən Qazaxıstan – Azərbaycan yoldaşlıq oyunundan sonra millinin baş məşqçisi Yevgeni Kukseviç deyib.

Matç 4:2 hesabı ilə Qazaxıstan yığmasının xeyrinə qurtarıb.

“Əslində, yoldaşlıq oyunlarını güclü rəqiblərə qarşı keçirmək yaxşı oldu. Zəif rəqibləri udub bayram etməkdənsə, səhvlərimizi, çatışmazlığımızı görüb, üzərində işləmək və inkişaf etmək lazımdır. Yenə deyirəm, bugünkü oyunumuz da çox çətin idi, ancaq uşaqlar bacardıqlarını göstərdilər. Sadəcə, soyuqqanlılığımız çatmadı. Bəzi epizodlarda yaxşı mənada nələrsə etmək istədik, alınmadı. Bu cür oyunlarda uduzsaq da, meydanda gördüyümüz yaxşı işlər bizə qələbəyə bərabərdir”, - Kukseviç əlavə edib.

İdman.Biz