“Neftçi” futzal klubunun baş məşqçisi: “Qalsam, heyətdə dəyişiklik edəcəyəm”

2 İyun 2026 14:13
69
“Neftçi” futzal klubunun baş məşqçisi: “Qalsam, heyətdə dəyişiklik edəcəyəm”

“Düşünürəm ki, mövsüm bizim üçün yaxşı keçdi. Azərbaycan Kubokunun qalibi olduq, ölkə çempionatının gümüş medallarını qazandıq. Çempion “Araz-Naxçıvan”a qarşı keçirdiyimiz beş matçın üçündə qalib gəldik”.

Bu sözləri “Neftçi” futzal komandasının baş məşqçisi Fuad Rzayev deyib.

Komandanın mövsüm ərzində uğurlu çıxış etdiyini vurğulayan mütəxəssis çempionluq yarışında əsas rəqibləri olan “Araz-Naxçıvan”la mübarizədə legionerlərin təcrübəsinin həlledici amillərdən biri olduğunu bildirib.

“Naxçıvan klubunun legionerləri bizim əcnəbi oyunçulardan üstün idi. Çünki onların kifayət qədər yaxşı Avropa təcrübəsi var idi”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Gələcək planlarla bağlı danışan F.Rzayev komandada qalacağı təqdirdə heyətdə müəyyən dəyişikliklərin ediləcəyini də söyləyib:

“Əgər komandada qalsam, heyətdə dəyişiklik edəcəyəm. Bir neçə braziliyalı oyunçu ilə yolları ayırmağı planlaşdırıram. Amma hələlik mənim komandada qalıb-qalmayacağımla bağlı dəqiq qərar yoxdur”.

İdman.Biz