“Yaxşı oynadıq. Birinci hissədə qol vura bilməsək də, real imkanlar baxımından biz üstün idik”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futzalçısı Nihad İsmayılov Tiblisidə Gürcüstana 2:4 hesabı ilə məğlub olduqları yoldaşlıq oyunu barədə federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib
O, 6-7 qol epizodunu boşa verdiklərini bildirib:
“Dəyərləndirə bilsəydik, matçın gedişi fərqli olacaqdı. Əvəzində meydan sahibi komanda səhvlərimizi bağışlamadı. Çaşqınlıqdan istifadə edib, bir dəqiqə ərzində ardıcıl iki qol vuraraq üstünlük qazandılar. İkinci hissəyə fərqli başladıq. Bu dəfə qolu biz vurduq. Fasilədən sonra bərabər oyun oldu”.
İsmayılov baş məşqçinin komandaya cəlb olunan gənclərə də şans verdiyini söyləyib:
“Əlbəttə, onlar dəvət olunublarsa və səfərə gətiriliblərsə, təcrübə toplamaq baxımından meydana çıxmalıydılar. Onlar üçün yaxşı təcrübə oldu. Yoxlama oyunları həm də buna görə əhəmiyyətlidir”.
Futzalçı Gürcüstan millisi ilə keçirəcəkləri ikinci oyun barədə də fikirlərini bölüşüb:
“Bu rəqiblə aprelin 11-də yenə qarşılaşacağıq. Bu dəfə qələbə qazanan tərəf biz olarıq. Komandamız oyundan-oyuna yaxşı tərəfdən seçilir. Yaxşı kollektivimiz var. Ab-hava da müsbətdir. Hesabda geri düşməyimizə rəğmən komandamız ruhdan düşmədi. Bu, fərqləndiriləcək məqamdır. Ardıcıl keçirəcəyimiz yoldaşlıq oyunları da irəliyə addım atmaq baxımından xeyrimizə olacaq”.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 11-də eyni məkanda Gürcüstanla ikinci dəfə qarşılaşacaq.
