“Araz-Naxçıvan”ın üzvləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanacaqlarını inanırdı.
Naxçıvan klubunun qapıçısı Rövşən Hüseynli turnirin əsas mərhələsində keçirdikləri oyunları dəyərləndirib:
“Artıq bir mərhələni də yaxşı nəticə ilə tamamladıq. Növbədə 1/8 finaldır. Hələ əsas mərhələdə rəqiblər bilinəndə komandada özünəinam var idi. 1/8 finala vəsiqə qazanacağımıza inanırdıq və bunu bacardıq. Oyunlar, təqvim ağır, rəqiblər güclü idi. İlk görüşü ev sahibinə qarşı keçirdik. Rumıniyaya bir qədər gec çatdığımız üçün az istirahət etmişdik. Buna baxmayaraq, qələbə qazandıq. Digər rəqib Lüksemburq təmsilçisinin oyun üslubu fərqli idi. Heyətlərində legionerlərin yer almasına baxmayaraq, qrup sonuncusu oldular. Onları rahat məğlub edə biləcəyimiz düşünülürdü. Lakin ilk oyunda çox güc itirmişdik deyə, matç ağır keçdi. Sonda mübarizliyimiz və komanda ruhu 2:2 hesablı bərabərliyi gətirdi. Ümumilikdə isə biz daha üstün oynamışdıq”, - deyə “Report”a açıqlamasında deyib.
Qolkiper Niderland klubu ilə həlledici görüş barədə də danışıb: “Sonuncu matç Niderland çempionuna qarşı idi. Gözəl oyun göstərirdilər, ev sahiblərini böyük hesabla məğlub etmişdilər. Oyuna istədiyimiz kimi başlasaq da, sonra hesabda geriyə düşdük. Buna baxmayaraq, sona qədər mübarizə apardıq. Bilirsiniz ki, ölkə çempionatında işlərimiz o qədər də yaxşı getmir. Lakin məqsədimiz UEFA Çempionlar Liqasında 1/8 finala yüksəlmək idi. Hazırlıqlar, baş məşqçinin tapşırıqları və komanda ruhu sayəsində son saniyələrdə qol vurub istəyimizə nail olduq”.
R.Hüseynli 1/8 finalda bütün rəqiblərin güclü olduğunu söyləyib: “Qısa müddət istirahət edəcəyik. Noyabrın 6-da keçiriləcək püşkatmanın nəticəsini gözləyəcəyik. Turnirdə ilk dəfə belə reqlament olacaq. Əvvəllər qrup mərhələsi idi, indi komandalar 1/8 finalda mübarizə aparırlar. Tarix yazmağı bacardıq və bunun davamını gətirmək istəyirik. Növbəti mərhələ barədə indidən nəsə demək çox tezdir. Rəqib bəlli deyil, heyətdə cəzalı və zədəli oyunçularımız var. İstənilən halda yaxşı hazırlaşmalı və uğurlu nəticələrin davamını gətirməliyik”.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Yunayted Qalati” (Rumıniya), “Differdanje 03” (Lüksemburq) və Tigers Roermond (Niderland) klubları ilə birlikdə yer aldığı VII qrupu lider başa vuraraq 1/8 finala vəsiqə qazanıb. Bu qrupun oyunları Rumıniyada təşkil olunub.
