“Yarış təkcə mənim üçün deyil, həm də komanda üçün çətin oldu”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Qran-prisində 9-cu yeri tutan üçqat dünya çempionu Maks Ferstappen deyib.
Mövsümün əvvəlindən 6 mərhələdə qələbə qazanan "Red Bull" pilotu ardıcıl 7-ci yarışda qalib gələ bilmir. O, Bakıda əldə etdikləri nəticəni belə şərh edib.
“Artıq təsnifat mərhələsində məlum oldu ki, biz optimal parametrləri tapa bilmədik və bunun əvəzini ödədik. Serxio Peresin tempi mənimkindən qat-qat yüksək idi, çünki o, sükan arxasında daha rahat idi. Mənim vəziyyətimdə kvalifikasiyadan əvvəl parametrləri tənzimləmək qərarına gəldik, amma nəticə vermədi. Komanda olaraq qalib gəlirik və uduzuruq. Bəzən elə olur ki, kvalifikasiyadan əvvəl son anda parametrləri dəyişirsən və avtomobil sürətlənməyə başlayır. Təəssüf ki, bu dəfə alınmadı.
Həftəsonunu uğursuz keçirsəm də, çox xal itirməmişəm, bu da müsbət nəticədir. Hamımız bilirik ki, biz daha yaxşı işlər görməliyik və növbəti dəfə bunu etməyə çalışacağıq”, - deyə Ferstappen bildirib.
Qeyd edək ki, "Red Bull" pilotu ümumi sıralamanın lideri olaraq qalıb. Onun 313 xalı var və ikinci yerdə qərarlaşan "McLaren"dən Lando Norrisi 59 xal qabaqlayır.
İdman.biz