Bakıda “Formula-1” hazırlığı dörd aya endirilib

11 Sentyabr 2026 12:04
96
Bakıda “Formula-1” hazırlığı dörd aya endirilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev Bakıda “Formula-1” yarışlarının keçirilməsi ilə bağlı görülən işlərdən danışıb.

İdman.Biz xəbər verir ki, M.Fərzullayev bu barədə qurumun mətbuat xidmətinə açıqlamasında bildirib.

Baş direktor ötən illər ərzində Bakıda “Formula-1” yarışlarının təşkili ilə bağlı böyük təcrübə topladıqlarını qeyd edib. O, müasir texnologiyaların tətbiqi və daha səmərəli planlaşdırma sayəsində hazırlıq müddətinin əhəmiyyətli dərəcədə azaldıldığını vurğulayıb:

“Ötən illər ərzində Bakıda “Formula-1” yarışlarının keçirilməsi ilə bağlı böyük təcrübə toplamışıq. Müasir texnologiyaların tətbiqi və daha səmərəli planlaşdırma sayəsində hazırlıq müddətini 12 aydan təxminən 4 aya endirmişik.

Eyni zamanda, yarışdan sonra şəhərin gündəlik həyatının mümkün qədər tez bərpa olunması bizim üçün vacibdir. 2025-ci ildə əsas yol məhdudiyyətləri yarış başa çatdıqdan cəmi 12 saat sonra aradan qaldırılıb”.

M.Fərzullayev Qran-pri həftəsində şəhər sakinləri və sürücülərin rahatlığının təmin edilməsi üçün tranzit dəhlizlərinin yaradıldığını da bildirib:

“Şəhərin gündəlik həyatına təsiri nəzərə alaraq, 2023-cü ildən etibarən Qran-pri həftəsində sakinlərin və sürücülərin rahatlığını təmin etmək üçün tranzit dəhlizləri təşkil olunur. Bu dəhlizlər vasitəsilə bəzi yollar səhər və axşam müəyyən saatlarda nəqliyyatın hərəkətinə açılır.

2026-cı ildə belə dəhlizlərin sayı altıya çatdırılıb. Üzeyir Hacıbəyli küçəsində isə əlavə tranzit dəhlizi təşkil olunacaq”.

Şirkət rəhbəri Qran-priyə marağın artması ilə əlaqədar tamaşaçı tutumunun da genişləndirildiyini diqqətə çatdırıb:

“Qran-priyə marağın artması ilə tamaşaçı tutumunu da genişləndirmişik. Son üç ildə dörd yeni tribuna inşa etmişik və bununla tamaşaçı yerlərinin sayını 6 mindən çox artırmışıq. Hazırda tribunaların ümumi tutumu 21 min nəfəri ötür. Bu da Azərbaycandan və xaricdən daha çox azarkeşi qəbul etməyə imkan verir”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.

İdman.Biz