2026-cı il Azərbaycan Qran-prisinin proqramında ciddi dəyişikliklər edilib

14 Sentyabr 2026 16:56
121
2026-cı il Azərbaycan Qran-prisinin proqramında ciddi dəyişikliklər edilib

“Formula-1” üzrə Azərbaycan Qran-prisi çərçivəsində Bakıda keçiriləcək qarşıdakı “Formula-2” mərhələsi genişləndirilmiş formatda baş tutacaq.

İdman.Biz “Formula-2”nin rəsmi saytına istinadən xəbər verir ki, təşkilatçılar Azərbaycan mərhələsinin proqramına əlavə təsnifat sessiyası və daha bir əsas yarış daxil ediblər. Beləliklə, pilotlar Bakı Şəhər Halqasında əvvəlki iki yarış əvəzinə üç yarış keçirəcəklər.

Həftəsonu sentyabrın 24-də 45 dəqiqəlik sərbəst məşqlə başlayacaq. Daha sonra hər biri 20 dəqiqə davam edən iki təsnifat sessiyası keçiriləcək.

Sentyabrın 25-də pilotlar əvvəlcə sprint yarışında mübarizə aparacaqlar. Onun start düzülüşü ilk təsnifatın nəticələri əsasında, ilk onluğun tərs sıralanması prinsipi ilə formalaşdırılacaq. Həmin gün daha sonra ilk əsas yarış (Feature Race) keçiriləcək. Onun start düzülüşünü də ilk təsnifat müəyyənləşdirəcək.

İkinci əsas yarış sentyabrın 26-da keçiriləcək. Bu yarışın start düzülüşü isə ikinci təsnifat sessiyasının nəticələrinə əsasən formalaşdırılacaq.

Beləliklə, mərhələnin proqramına bir sərbəst məşq, iki təsnifat, bir sprint və iki əsas yarış daxil olacaq.

“Formula-2”nin icraçı direktoru Bruno Mişel bildirib ki, Bakı mərhələsi təqvimdə proqramı iki əlavə sessiyanın keçirilməsinə imkan verən yeganə yarışdır. Onun sözlərinə görə, təşkilatçılar genişləndirilmiş formatın mərhələni azarkeşlər üçün daha maraqlı edəcəyinə ümid edirlər. “Formula-2” Bakıda keçiriləcək yarış həftəsonu çərçivəsində “Formula-1”in yeganə dəstək seriyası olacaq.

Bakı mərhələsi “Formula-2” mövsümünün 12-ci raundu olacaq. Bundan sonra çempionat Qətər və Abu-Dabidə keçiriləcək mərhələlərlə davam edəcək.

Qeyd edək ki, “Formula-2” “Formula-1”in dəstək seriyasıdır və Bakı mərhələsini Azərbaycan Qran-prisinin yarış həftəsonu çərçivəsində keçirəcək. Məlum olduğu kimi, “Formula-1” üzrə yarışlar da sentyabrın 24-26-da Bakı Şəhər Halqasında baş tutacaq.

İdman.Biz