Fərid Qayıbov: “Qran-pri yerli biznes üçün əlavə imkanlar yaradır”

11 Sentyabr 2026 11:17
119
Fərid Qayıbov: “Qran-pri yerli biznes üçün əlavə imkanlar yaradır”

Gənclər və idman naziri Fərid Qayıbov bu il keçiriləcək Azərbaycan Qran-prisi ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, nazir bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinə açıqlamasında danışıb.

F.Qayıbov yubiley Qran-prisinin Bakının Dünya İdman Paytaxtı olduğu xüsusi bir ildə keçirilməsinin əhəmiyyətini vurğulayıb:

“Yubiley Qran-prisi Bakının Dünya İdman Paytaxtı olduğu xüsusi bir ildə keçirilir. Azərbaycan Qran-prisi 2026-cı ilin əsas idman tədbirlərindən biri olmaqla, paytaxtımızın beynəlxalq idman mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

“Formula-1”in əhəmiyyəti yalnız yarışla məhdudlaşmır. Qran-pri idman turizminin inkişafına təkan verir, yerli biznes üçün əlavə imkanlar yaradır və milyonlarla azarkeşin diqqətini Azərbaycana yönəldir”.

Nazir Azərbaycan Qran-prisinin ölkənin beynəlxalq nüfuzunun güclənməsində də mühüm rol oynayacağını bildirib:

“Qran-pri Bakının beynəlxalq nüfuzunun daha da güclənməsinə, Azərbaycanın zəngin mədəniyyətinin və idman imkanlarının dünya miqyasında tanıdılmasına töhfə verəcək. Bu yarış 2026-cı ilin ən yaddaqalan idman hadisələrindən biri olacaq”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.

İdman.Biz