“Formula-1” üzrə yeddi Qran-pri qalibi Xuan Pablo Montoya indiki yarışları əvvəlki dövrlə müqayisə edən azarkeşlərə cavab verib.
İdman.Biz xəbər verir ki, kolumbiyalı sabiq pilot bəzi azarkeşlərin onun çıxış etdiyi illəri daha yaxşı dövr kimi təqdim etməsi ilə razılaşmayıb. Montoya hesab edir ki, müasir “Formula-1” daha əyləncəli və rəqabətlidir. O, bu barədə “RacingNews365”ə açıqlamasında deyib.
Qeyd edək ki, “Formula-1” və FIA son vaxtlar daxiliyanma mühərriki ilə elektrik enerjisi arasında 50/50 güc bölgüsü tətbiq etdiyinə görə tənqid olunur. Bu dəyişikliklər batareya enerjisindən asılı ötmələrə səbəb olduğu üçün “yo-yo racing” (pilot bir dövrədə çox sürətli olur, növbəti dövrədə batareya enerjisi azaldığı üçün tempi düşür, sonra yenidən enerji toplayıb sürətlənir. Bu hərəkət yo-yo oyuncağının yuxarı-aşağı hərəkətinə bənzədildiyi üçün belə adlanır) kimi xarakterizə edilib. Aprel fasiləsində “Formula-1”, mühərrik istehsalçıları və pilotlarla geniş müzakirələrdən sonra FIA qaydalarda dörd əsas istiqamət üzrə dəyişiklik edib. Bu yeniliklərin bir hissəsi sıralanma turlarını daha maraqlı etmək, digər hissəsi isə təhlükəsizliyi artırmaq məqsədi daşıyır.
Sabiq pilot bildirib ki, veteran sürücülər adətən öz dövrlərini tənqid etmirlər. Amma onun fikrincə, 2000-ci illərin əvvəllərindəki “Formula-1” indiki qədər baxımlı deyildi. Montoya indiki mərhələnin əsas üstünlüyü kimi “Mercedes”, “Maklaren”, “Ferrari” və “Red Bull”un qələbələr, podiumlar və titul uğrunda mübarizə aparmasını göstərib.
O, keçmiş dövrlə bağlı fikrini belə izah edib:
“Hər zaman şikayət etmək olar. Amma biz də maşının 950 at gücünə malik olduğu, 600 kiloqram çəkdiyi və yapışqan təkərlərlə yarışdığımız vaxtlarda şikayət edirdik. Hamı deyir ki, bunlar ən yaxşı yarış maşınları idi, amma yarışlar dəhşətli idi. Keçən gün biri mənə dedi: “Bilirsən, sənin dövrün daha yaxşı idi”. Mən cavab verdim: “Sən həqiqətən mənim dövrümdən bir yarışa baxmısan və onun nə qədər darıxdırıcı olduğunu görmüsən?” İndiki yarışlar əyləncəlidir. Məncə, indi həqiqətən xüsusi dövrdəyik. Çünki yarış qazana bilən dörd komanda var və bu, çox tez-tez rast gəlinən hal deyil”.
Beləliklə, Montoya nostalji ilə yanaşan azarkeşlərin fikrini bölüşmür. Onun qənaətinə görə, texniki mübahisələrə və qaydalarla bağlı narazılıqlara baxmayaraq, indiki “Formula-1” rəqabət və tamaşa baxımından daha cəlbedici mərhələyə daxil olub.
