Hamilton simulyatorun onu aldatdığını söyləyib

3 May 2026 12:17
221
Hamilton simulyatorun onu aldatdığını söyləyib

“Ferrari”nin pilotu Luis Hamilton Mayami Qran-prisinin təsnifat mərhələsində altıncı yeri tutduqdan sonra maraqlı açıqlamalarla yadda qalıb. Britaniyalı sürücü simulyator hazırlıqlarının onun üçün faydalı olmadığını və komandanı yanlış istiqamətə apardığını bildirib.

İdman.Biz xəbər verir ki, Hamilton SF-26 bolidinin tənzimləmələri ilə bağlı ciddi çətinliklərlə üzləşib. Yeddiqat dünya çempionu Maranellodakı simulyatorda keçirdiyi vaxtın maşının performansına mənfi təsir etdiyini və təsnifat mərhələsi öncəsi tənzimləmələrdə geri addım atmalı olduqlarını qeyd edib.

Təsnifatda altıncı pillə ilə kifayətlənən Hamilton ikinci sessiyanın kifayət qədər uğurlu keçdiyini, lakin üçüncü sessiyada maksimumu əldə edə bilmədiyini vurğulayıb:

“Altıncı yerdə özümü rahat hiss etmirəm, bura olmaq istədiyim yer deyil. Simulyatorun məni yanlış tərəfə yönləndirdiyini düşünürəm və bəlkə də gələcəkdə bundan imtina edəcəyəm”.

Təcrübəli pilot yarış günü hava şəraitinin yağışlı olacağını gözlədiyini və bolidin balansının bu şəraitdə daha yaxşı nəticə verməsinə ümid etdiyini əlavə edib.

İdman.Biz