“Maklaren”də məcburi fasilə: Andrea Stella komandanın yeni planlarını açıqlayıb

17 Aprel 2026 04:03
365
“Maklaren”də məcburi fasilə: Andrea Stella komandanın yeni planlarını açıqlayıb

“Maklaren”in komanda rəhbəri Andrea Stella “Formula-1”də yaranan gözlənilməz fasilədən avtomobilin aerodinamik göstəricilərini təkmilləşdirmək üçün istifadə etdiklərini bildirib.

İdman.Biz xəbər verir ki, Yaxın Şərqdəki gərginlik səbəbindən Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərinin təxirə salınması komandalara Yaponiya və Mayami yarışları arasında beş həftəlik boşluq yaradıb. Stellanın sözlərinə görə, bu fasilə MCL40 modelinin inkişafı üçün əlavə imkanlar yaradıb.

“Bu fasilə arzuolunmaz səbəblərdən yaransa da, komanda üçün faydalı oldu. Bizim üçün əsas hədəf aerodinamik performansı artırmaq və maşını daha sürətli etməkdir”, - deyə o bildirib.

İtaliyalı mütəxəssis həmçinin vurğulayıb ki, Oskar Piastrinin Yaponiya Qran-prisində ikinci yeri tutması irəliləyişin göstəricisidir. Hazırda komanda güc qurğusundan daha səmərəli istifadə etmək üçün “Mercedes High Performance Powertrains” (HPP) ilə sıx əməkdaşlıq edir.

Stella əlavə edib ki, bu müddət gərgin qış hazırlıqlarından sonra heyətin bir qədər dincəlməsi üçün də yerinə düşüb. O, Mayami yarışından başlayaraq “Maklaren”in “Mercedes” və “Ferrari” ilə mübarizədə daha üstün mövqelər və qələbələr üçün hazır olacağına inandığını vurğulayıb.

İdman.Biz