Hindistan Qran-Prisinin 2027-ci ildə “Formula-1” təqviminə qayıtması şübhə altındadır.
İdman.Biz-in “Times of India”ya istinadən verdiyi məlumata görə, yerli hakimiyyət orqanlarının nikbin açıqlamalarına baxmayaraq, tərəflər hələ də razılığa gəlməkdən uzaqdırlar.
Hindistanın idman naziri Mansux Mandaviya əvvəllər hökumətin tədbirin qayıtması üzərində işlədiyini və yarışın 2027-ci ildə Budda Beynəlxalq avtodromunda keçirilməsinə ümid etdiyini bildirmişdi.
Lakin “Liberty Media”nın mənbələri qeyd edirlər ki, bu müddət qeyri-real görünür.
“2027-ci il çox az ehtimal olunur, lakin Hindistan maraqlı bir bazardır. “Formula-1”in burada böyük bir azarkeş bazası var, amma biz hələ razılığa yaxınlaşmamışıq”, - deyə hesabatda bildirilir.
Hindistan Qran-Prisi sonuncu dəfə 2013-cü ildə keçirilib, bundan sonra vergi və bürokratik problemlər səbəbindən təqvimdən çıxarılıb. Alman pilot Sebastian Fettel bu trasdakı bütün yarışlarda qalib gəlib.
