Maks Ferstappen: “Artıq “Formula-1”dən zövq almıram”

30 Mart 2026 03:58
146
Maks Ferstappen: “Artıq “Formula-1”dən zövq almıram”

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1”ə münasibəti barədə gözlənilməz açıqlamalar verib. Dördqat dünya çempionu artıq yarışlarda çıxış etməkdən əvvəlki həzzi almadığını etiraf edib.

İdman.Biz BBC-yə istinadla xəbər verir ki, ulduz pilot bolidə əyləşməyin onun üçün artıq xoş bir fəaliyyət olmadığını bildirib.

“Formula-1”in bəzi aspektlərini, xüsusən də komanda ilə işləməyi xoşlayıram. Onlar mənim ikinci ailəm kimidir. Amma maşına əyləşəndə bu, artıq ən xoş məşğuliyyət deyil. Çalışıram, lakin bu, çox çətindir”, - deyə pilot söyləyib.

Ferstappen qeyd edib ki, zövq almadan maksimum güclə çalışmaq onun ümumi vəziyyətinə mənfi təsir göstərir:

“Mən 100 faiz gücümlə çalışıram, lakin etdiyim işdən zövq almadığım üçün bu, sağlamlıq baxımından çox da faydalı deyil”.

Pilot gələcək planlarından da danışaraq, diqqətini digər layihələrə, xüsusən də GT3 yarışlarına yönəltdiyini vurğulayıb:

“Yaxın illərdə bu istiqaməti inkişaf etdirmək istəyirəm. Əgər “Formula-1”dən getsəm, bu o demək deyil ki, həyatdan zövq almağı dayandıracağam. Mənim başqa maraqlarım da var”.

Ferstappen sonda heç kimin rəhminə ehtiyacı olmadığını və öz gələcəyinə əmin olduğunu bildirərək, “Formula-1” özü necə hərəkət edəcəyini bilir” ifadəsini işlədib.

İdman.Biz