AFFA İntizam Komitəsi “Sabah”, “Qarabağ” və “Araz-Naxçıvan” klublarını cərimələyib.
İdman.biz xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Belə ki, Ağdam təmsilçisi 5000 manat ödəməli olacaq. Komandanın azarkeşləri sözügedən qarşılaşmada rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib.
“Sabah” 2000 manat cərimələnib. “Turan Tovuz”la görüş zamanı Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəlməsi paytaxt təmsilçisini ziyana salıb.
Naxçıvan təmsilçisi isə 500 manat ziyana düşüb. Buna futbolçu Slavik Alxasovun Misli Premyer Liqasının V turunda “Qarabağ”la matçda ikinci sarıdan qırmızı vərəqə alması səbəb olub. Oyunçu bir oyunluq cəza alıb.