Çempionlar Liqası: “Bodo-Qlimt”dən sensasiyalı nəticə, PSJ və “Real”dan böyükhesablı qələbə - YENİLƏNİB + VİDEO

12 Mart 2026 02:15
658
Çempionlar Liqası: “Bodo-Qlimt”dən sensasiyalı nəticə, PSJ və “Real”dan böyükhesablı qələbə

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

“Real Madrid” “Mançester Siti”ni qəbul edib.

Oyun 3:0 hesabı ilə madridlilərin xeyrinə qurtarıb.

Hesabı 20-ci dəqiqədə Federiko Valverde açıb. Valverde 27 və 42-ci dəqiqələrdə daha iki qol vuraraq yekun hesabı müəyyən edib. 58-ci dəqiqədə Vinisius Junior penalti zərbəsindən yararlana bilməyib.

Mərhələnin digər matçında PSJ Parisdə “Çelsi” ilə qarşılaşıb və matç 5:2 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə bitib.

Ev sahibi komandanın hücumçusu Bredli Barkola 10-cu dəqiqədə hesabı açıb. Londonluların müdafiəçisi Malo Qusto 28-ci dəqiqədə bərabərlik qolunu vurub. Hücumçu Usman Dembele 40-cı dəqiqədə parisliləri yenidən irəli çıxarıb. “Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandes 58-ci dəqiqədə bərabərlik qolunu vurub. Vitinya parislilərin üçüncü qoluna 74-cü dəqiqədə imza atıb. PSJ-nin cinah oyunçusu Xviça Kvaratsxeliya 86-cı və 90+4-cü dəqiqələrdə iki qol vuraraq yekun hesabı müəyyənləşdirib.

1/8 finalın sensasiyası ilə Norveçdə baş verib. Burada yerli “Bodo-Qlimt” Portuqaliyanın “Sportinq” kollektivini qonaq edib. Oyun 3:0 hesabı ilə Norveç klubunun qələbəsi ilə yekunlaşıb.

32-ci dəqiqədə yarımmüdafiəçi Sondre Brunstad penaltidən vurduğu qolla norveçliləri hesabda irəli çıxarıb. 45+1-ci dəqiqədə hücumçu Ole-Didrik Blomberq komandasının üstünlüyünü ikiqat artırıb. 71-ci dəqiqədə “Bodo-Qlimt”in hücumçusu Kasper Hoq oyunun üçüncü qolunu vurub.

23:39

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilir.

İdman.Biz bildirir ki, “Bayer Leverkuzen” “Arsenal”ı qəbul edib.

Oyun hesabı 1:1 hesabı ilə başa çatıb.

46-cı dəqiqədə Robert Andrix “Bayer”i önə çıxarıb. 89-cu dəqiqədə Kay Haverts penaltidən hesabı bərabərləşdirib.

09:32

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları baş tutacaq.

İdman.Biz xəbər verir ki, ikinci oyun günündə daha dörd görüş keçiriləcək.

Bugünkü qarşılaşmaların siyahısını təqdim edirik:

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar
11 mart

21:45 “Bayer 04” - “Arsenal”
23:59 “Bodo-Qlimt” - “Sportinq”
23:59 PSJ - “Çelsi”
23:59 “Real” - “Mançester Siti”

İdman.Biz