“Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatını qazanmasından sonra azarkeşlərinə, komanda yoldaşlarına və yaxınlarına müraciət edib.
İdman.Biz xəbər verir ki, 33 yaşlı futbolçu X sosial şəbəkəsində “Son 24 saat haqqında düşüncələr” başlığı ilə video paylaşaraq yaşadığı hisslərdən danışıb.
Keyn Londonda keçirilən mərasimin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Hamıya salam! Sadəcə son 24 saat haqqında qısa danışmaq istəyirəm. Nə qədər inanılmaz bir gün idi! Burada əsas mükafatı - 2026-cı ilin “Qızıl top”unu görə bilərsiniz. Möhtəşəm gecə yaşadım. Mərasimin Londonda keçirilməsi, azarkeşlərimin, dostlarımın və ailəmin orada olması hər şeyi daha da xüsusi etdi. Belə nüfuzlu mükafata layiq görülmək ən böyük arzularımı belə üstələdi”.
İngiltərə millisinin kapitanı bu uğurun arxasında uzun illərin zəhməti və fədakarlığının dayandığını bildirib:
“Səhnədə də dediyim kimi, bura çatmaq üçün çox çalışmalı, müəyyən fədakarlıqlar etməli olmuşam. Zirvəyə yüksəlmək böyük dözüm və qətiyyət tələb edir. İndi dünyanın ən yaxşı futbolçusu seçildiyimi düşünmək həqiqətən inanılmaz hissdir”.
Keyn mükafatlandırma mərasimindən sonra aldığı təbriklərin çoxluğundan da danışıb:
“Hələ də baş verənləri tam dərk etməyə çalışıram. Sosial şəbəkələrdə azarkeşlərdən çoxsaylı sevgi və dəstək mesajları almışam. Küçədə qarşılaşdığım insanlar da məni təbrik edirlər. Bütün bunları eşitmək mənim üçün çox dəyərlidir”.
Hücumçu əldə etdiyi nailiyyətlə kifayətlənmək niyyətində olmadığını da diqqətə çatdırıb:
“Əsas məsələ bundan sonra necə inkişaf edəcəyimiz və irəliləməyə davam edəcəyimizdir. Şübhəsiz, bu mükafat karyeramda böyük mərhələdir. Amma eyni zamanda, məni daha böyük uğurlar qazanmağa həvəsləndirir. Daha yaxşı ola biləcəyimizi və bunun bizi hara aparacağını görmək istəyirəm”.
Keyn uğurunda əməyi olan hər kəsə təşəkkürünü bildirib:
“Bavariya”dakı hər kəsə, bütün komanda yoldaşlarıma və klub əməkdaşlarına böyük təşəkkürümü bildirirəm. Milli komandadakı futbolçulara, məşqçilərə və bütün heyətə də minnətdaram. Bu il qazandığım uğur böyük komanda əməyinin nəticəsidir. Sizin hər birinizin köməyi olmadan buna nail ola bilməzdim”.
Futbolçu müraciətinin sonunda artıq qarşıdakı oyuna kökləndiyini söyləyib:
“İndi bir qədər dincəlmək, sakitləşmək və baş verənləri dərk etmək istəyirəm. Ümid edirəm ki, mənə göndərilən mesajların bir hissəsinə cavab verməyə də vaxt tapacağam. Sabah bizi kubokda vacib oyun gözləyir. Yenidən iş başına qayıdırıq. “Alyans Arena”ya dönməyi və meydana çıxmağı səbirsizliklə gözləyirəm. Orada görüşərik!”
Qeyd edək ki, 2026-cı ilin “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçirilib.
