“Barselona” Xulian Alvaresə görə cərimələndi - “Atletiko”nun şikayəti təmin olundu

28 Oktyabr 2026 09:12
47
“Barselona” Xulian Alvaresə görə cərimələndi - “Atletiko”nun şikayəti təmin olundu

İspaniya Kral Futbol Federasiyası “Barselona”nı “Atletiko”nun hücumçusu Xulian Alvareslə apardığı təmaslara görə 602 avro məbləğində cərimələyib.

İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, qərar Madrid klubunun şikayəti əsasında aparılan intizam araşdırmasından sonra qəbul olunub.

“Atletiko” iyunun 30-da İspaniya Futbol Federasiyasına və FIFA-ya müraciət edərək “Barselona”nı əvvəlcədən yazılı bildiriş göndərmədən futbolçusu ilə danışıqlar aparmaqda ittiham edib. İyulun 30-da məsələ ilə bağlı intizam icraatına başlanılıb.

Araşdırmanın yekununda qayda pozuntusu yüngül hesab edilib. Bununla belə, Kataloniya klubuna İntizam Məcəlləsinin 133-cü maddəsində nəzərdə tutulan maksimum cərimə - 602 avro tətbiq olunub.

Maraqlıdır ki, “Barselona” 2019-cu ildə də “Atletiko”nun şikayəti əsasında cərimələnmişdi. Həmin vaxt Antuan Qrizmannla aparılan danışıqlara görə klub 300 avro ödəməli olmuşdu.

Qeyd edək ki, 2024-cü ildən “Atletiko”da çıxış edən Xulian Alvares cari mövsümdə bütün turnirlərdə doqquz oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib. Argentinalı hücumçunun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

İdman.Biz